İyulun 24-dən etibarən Avstriyada gündəlik həyatın bir sıra sahələrində tibbi maskadan istifadə bərpa olunacaq.
Modern.az xəbər verir ki, bu barədə qərarı koalisiyalı hökumətin iclasından sonra Federal Kansler Sebastian Kurts açıqlayıb. O bildirib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə son həftələrdə yoluxma halları artdığına görə hökumət ərzaq məhsullarının pərakəndə satışı obyektlərində, supermarketlərdə, bank və poçt filiallarında tibbi maskadan istifadə öhdəliyini bərpa edib. Qeyd olunub ki, COVID-19 məhdudiyyətlərinin yumşaldılması çərçivəsində ötən aylarda tibbi maskadan istifadə könüllülük prinsipi əsasında tövsiyə olunurdu. Lakin cari vəziyyəti nəzərə alaraq, eləcə də risk qrupuna daxil olan şəxslərin qorunması məqsədilə bir sıra sərtləşdirmələrin tətbiqi gündəmə gəlib.
Federal Kansler, həmçinin bildirib ki, tibbi maskadan istifadə, eyni zamanda, simvolik effektə də malikdir. Belə ki, məhdudiyyətlər aradan qaldırıldıqca və gündəlik həyatda maskadan istifadəyə az rast gəldikcə, insanlarda süni təhlükəsizlik hissi baş qaldırır və əhalinin əksər hissəsində pandemiyanın artıq aradan qalxması təəssüratı yaranırdı. Digər tərəfdən isə yoluxma hallarının xaricdən ölkəyə idxalı, xüsusilə də Balkan regionundan geri qayıdanlarda COVID-19 virusunun aşkarlanması ölkə sərhədlərində də yoxlamaların sərtləşdirilməsini tələb edir. Bildirilib ki, Avstriyaya daxil olmaq istəyən şəxslər verilmə tarixi dörd gündən artıq olmayan koronavirus testi (PCR-test) təqdim etməlidirlər və ev şəraitində ikihəftəlik karantin öhdəliyi altında olan şəxslərə nəzarət gücləndiriləcək.