“Rusiya-Amerika münasibətləri daim qarşıdurma ilə özünü göstərir. Xüsusi olaraq, biz bunu Trampın dövründə də gördük. Təbii ki, Bayden çalışır ki, Rusiyanı ittiham edib, üzərinə bəzi günahlar yaxsın. Eləcə də Rusiyadan istədiyi cavabı alsın. Ancaq Rusiya da öz növbəsində diplomat dili ilə buna imkan vermir”.
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Tofiq Abbasov prezident Baydenin Konqresdəki ilk çıxışında Rusiyaya xəbərdarlıq etməsi ilə bağlı danışarkən deyib.
Politoloq həmçinin qeyd edib ki, bu yaxınlarda Rusiya prezdenti Vladimir Putin çıxışında Qərbə “qırmızı xətt”i keçməyi tövsiyə etməyib:
“Faktiki olaraq burda siyasi manipulyasiyalar gedir, ən yaxın vaxtda iyun ayında artıq Bayden və Putinin görüşü gözlənilir. Tərəflər görüşə özünəməxsus tərzdə hazırlıqlar aparır.
Əlbəttə, ABŞ Rusiyanı bütün problemli vəziyyətələrin günahkarı kimi təlqin etmək istəyir, Rusiyanı qara qüvvə kimi qələmə vermək onun dəbindədir. Amma prezidentlərin görüşü baş tutacaq və bu görüş bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək”.
“Məsələ burasındadır ki, bu iki dövlət indi super güc statusundadır və onların qarşıdurması qalan ölkələr üçün yaxşı bir şey vəd etmir. Üzə çıxa biləcək bütün mübahisəli məsələlərin hamısını danışıqlar yolu ilə çözsələr, dünya bundan daha çox udar. Çünki burda Çin və Avropa amili var. Onlar da hərəkətlərini və baxışlarını məhz Amerika, Rusiya oxu ilə tənzimləyirlər. Bu baxımdan bu iki dövlət həm nüvə potensialının daşıyıcısı olaraq, həm də dünya nizamının formalaşmasında aparıcı rol oynadıqlarına görə, tək özlərini yox, digər xalqların taleyi haqqında düşünməlidirlər”, - deyə o bildirib.
Aysel Məhərrəmova