Baş nazir İrakli Qaribaşvili "Tokio Yay olimpiya" oyunlarında medal qazanaraq Gürcüstanı təmsil edən idmançılarla görüşüb.
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, baş nazir yarışlarda qızıl, gümüş və bürünc medal qazanmış iştirakçılara pul mükafatının veriləcəyini bildirib. Belə ki, hökumət rəhbəri, qızıl medal qazanmış idmançılara 1 000 000 lari, gümüş medal qazananlara 500 000 lari, bürünc medal qazananlara isə 250 000 lari pul mükafatı veriləcəyini qeyd edib.
Olimpiyada iştirakçıları ilə görüşən baş nazir bildirib ki, 8 medal qazanan Gürcüstan idmançıları müsətqillik dönəmində yeni bir rekorda imza atıblar:
"Bu gün burada olmaq və sizinlə görüşmək mənim üçün böyük bir qürurdur. Əziz olimpiyadaçılar, siz bizim fəxr ediləsi qəhrəmanlarımızsız, siz həqiqətən də əfsanəvi nəticə göstərdiniz. 8 medal Gürcüstanın müstəqillik dönəmində tarixi önəmə malik bir nəticədir. Medal sayına görə, Gürcüstan dünya miqyasında ilk onluğa daxil oldu.
Bunun üçün sizə hökumət adından təşəkkür edirəm", - deyə baş nazir bildirib. Qeyd edək ki, Gürcüstan təmsilçiləri "Tokio Yay Olimpiya" oyunlarında 2 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıblar.