Taliban nümayəndəsi Zabihullah Mücahid "Reuters"in onun sözlərini təhrif etdiyini bildirib.
Modern.az-ın "TASS"a istinadla verdiyi məlumata görə, bu barədə nümayəndə "Twitter" səhifəsində yazıb.
"Reuters" xəbər agentliyi məndən müsahibə alıb və sözlərimi təhrif edib. Kütləvi informasiya vasitələrindən və jurnalistlərdən buna fikir verməmələrini xahiş edirik", - Mücahid bildirib.
Agentliyin məlumatına əsasən, nümayəndə Talibanın həftə ərzində ölkənin yeni hökumətinin tərkibini açıqlaya biləcəyini söyləyib. Bundan əlavə, o, ABŞ-ın Əfqanıstan ərazisində pilotsuz uçuş aparatlarının istifadəsinə dair əməliyyatlar barədə Taliban rəhbərliyini xəbərdar etməli olduqlarını vurğulayıb.
Eyni zamanda, agentliyin xəbər verdiyi kimi, hərəkatın nümayəndəsi ABŞ, Böyük Britaniya və digər qərb ölkələrini Əfqanıstanla diplomatik əlaqələr saxlamağa çağırıb.