“Taliban” təşkilatı formalaşdırdıqları hökumətin tərkibini açıqladılar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşmanın keçmiş hakimiyyət nümayəndələrinə və qadınlara yer ayırmaması, milli azlıqlara cəmi 3 nazir kürsüsü verməsi dünya birliyi tərəfindən ciddi şəkildə tənqid olunub.
Baş nazir seçilən Məhəmməd Həsən Axund 60 yaşlarında təcrübəli siyasətçidir. Pakistanla sıx əlaqədə olan baş nazir “Taliban”ın keçmiş iqtidarı dönəmində daxili işlər naziri və baş nazirin müavini olub.
Məhz Məhəmməd Həsən Axund 2001-ci ildə Bamianda Budda heykəllərinin dağıdılmasına rəhbərlik edib. Həmin vaxtdan o, Birləşmiş Millətlər Təşkilatının sanksiya siyahısındadır.
Daxili işlər naziri Siracuddin Hakkani və müdafiə naziri Molla Yaqubla birlikdə, Məhəmməd Həsən Axund Əfqanıstanı idarə edəcək əsas “üçlük” yaradıb.