Modern.az

“Taliban”ın İŞİD-ə qarşı gizli SAVAŞI

“Taliban”ın İŞİD-ə qarşı gizli SAVAŞI

29 Oktyabr 2021, 21:54

Bir neçə gündür Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərinin ətrafına cəsədlər atılır. Cəsədlərin bəziləri güllələnmiş, bəziləri asılmış, bəzilərinin başları kəsilmiş vəziyyətdə tapılır. Bu dəhşətli qətllərə görə məsuliyyəti heç kim üzərinə götürmür, lakin ümumi fikir bundan ibarətdir ki, qətllər “Taliban” hərəkatı tərəfindən törədilib.

 

“Taliban”ın rəqibi hesab edilən İŞİD avqust ayında Kabil hava limanı yaxınlığında kamikadze hücumundan başlayaraq bir neçə dəfə terror aktları həyata keçirib. Hücumlarda yüzlərlə mülki şəxs həyatını itirib. Görünür, Əfqanıstanda iki qrup arasında qanlı və gizli müharibə gedir və bu münaqişənin cəbhəsi Cəlalabaddır.

 

“Taliban”ın Kabilə nəzarəti ələ keçirməsindən sonra ölkədə ümumilikdə sakitlik hökm sürür. Amma hərəkatın Cəlalabaddakı qüvvələri demək olar ki, hər gün hücumlara məruz qalır. Burada İŞİD “Taliban”ın keçmiş hökumət qüvvələrinə qarşı uğurla istifadə etdiyi “vur-qaç” taktikalarından istifadə edir. Terrorçular hərəkat üzvlərinə bombalarla hücum edir, gözlənilməz sui-qəsdlər icra edirlər.

 

İŞİD “taliblərin” kifayət qədər sərt olmadıqlarını əsas gətirərək onları “mürtəd” hesab edir. Taliban da İŞİD-i həddindən artıq radikal kimi görür.

 

Cəlalabadın da daxil olduğu Nanqarhar vilayətində “Taliban” administrasiyasının kəşfiyyat idarəsinin rəhbəri Bəşir ciddi nüfuza malikdir. O, əvvəllər İŞİD-in qonşu Kunar vilayətində qurduğu kiçik mövqenin məhv edilməsinə töhfə vermiş şəxsdir. Bəşir deyir ki, Cəlalabadın kənarına atılan cəsədlərlə heç bir əlaqəsi yoxdur, lakin qürurla deyir ki, onun adamları onlarla İŞİD üzvünü həbs edib.

 

Əvvəlki hökumət dövründə ələ keçirilən İŞİD üzvlərinin əksəriyyəti “Taliban”ın rəhbərliyi ələ keçirdiyi mürəkkəb dövrdə həbsxanadan qaçıb. İctimai yerlərdə Bəşir və digər “Taliban” rəsmiləri İŞİD təhlükəsinə məhəl qoymurmuş kimi davranırlar. Onlar deyirlər ki, Əfqanıstanda müharibə başa çatıb və “Taliban” ölkədə sülh və təhlükəsizlik bərqərar edib. İş o yerə çatıb ki, doktor Bəşir çoxsaylı sübutlara baxmayaraq, İŞİD-in Əfqanıstanda rəsmi olaraq mövcud olmadığını iddia edir.

 

“İŞİD adının Suriya və İraqla əlaqəsi var. Əfqanıstanda bu adda heç bir qruplaşma yoxdur”, - deyə o qeyd edib. Bunun əvəzində Bəşir “Taliban”a qarşı döyüşənləri “İslam hökumətinə qarşı duran bir qrup xain” kimi təsvir edir. Halbuki İŞİD Əfqanıstanda rəsmi olaraq mövcud olub və bölgənin qədim adından istifadə edərək “İŞİD-Xorasan” adlı ayrıca qrup yaradıb. Təşkilat ilk dəfə 2015-ci ildə Əfqanıstanda ortaya çıxıb və sonrakı illərdə qanlı hücumlar həyata keçirib. Lakin “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra, əvvəllər heç bir fəaliyyəti olmayan ərazilərdə kamikadze hücumları həyata keçirib.

 

Bu ayın əvvəlində ölkənin şimalındakı Kunduz şəhərində İŞİD şiə məscidlərinə və “Taliban”ın qalası Qəndəhara hücum edib. Bəşir narahat olmaq üçün heç bir şey əsas olmadığını bildirir: “Dünyaya deyirik ki, narahat olacaq bir şey yoxdur. Əgər kiçik bir xain dəstəsi ayağa qalxıb bu cür hücumlar həyata keçirsə, biz Allahın izni ilə 52 ölkənin ittifaqını döyüş meydanlarında məğlub etmişik və onları da məğlub edəcəyik”.

 

O qeyd edib ki, partizan müharibəsinin qarşısını almaq onlar üçün çox asandır.

 

Qonşu ölkələr və Qərb alyansı ilə müharibələrin şiddətindən yorulan əfqanlar İŞİD-in güclənməsindən narahatdırlar. ABŞ rəsmiləri xəbərdarlıq etmişdilər ki, İŞİD Əfqanıstanda tezliklə raket hücumları həyata keçirə biləcək.

 

Hazırda İŞİD Əfqanıstanda heç bir əraziyə nəzarət etmir. Qrup əvvəllər Nanqarhar və Kunar vilayətlərində bazalar qurmağı bacarıb, lakin bunlar ABŞ-ın havadan dəstəklənən keçmiş hökumət qüvvələri tərəfindən məhv edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal