Modern.az

"Facebook" niyə adını dəyişdi?

Dünya

3 Noyabr 2021, 00:05

“Facebook” şirkəti böyük rebrendinq həyata keçirəcəyini və korporativ adının “Meta” olacağını açıqlayıb.

 

Şirkətdən verilən açıqlamaya görə, “Meta” adı şirkətin gördüyü iş üçün daha əhatəli məna daşıyır. “Meta” sözü yunan sözüdür və “irəli” deməkdir. Bu dəyişiklik “Facebook”, “Instagram” və “Whatsapp” kimi platformalarda öz əksini tapmayacaq. Bütün bu proqramların sahibi olan şirkətin adı dəyişir.

 

Bu addım “Facebook”la bağlı bir çox tənqidi xəbərlərin yayılmasından və keçmiş işçinin sızdırdığı məlumatlar səbəbindən şirkətin adı mənfi hallarla hallanmağa başladıqdan sonra atılıb. “Facebook” şirkətinin keçmiş işçisi Frans Hauqen şirkət haqqında bir çox məlumat açıqlayıb və şirkət rəhbərlərini “mənfəəti təhlükəsizlikdən üstün tutmaqda” ittiham edib.

 

2015-ci ildə “Google” şirkəti korporativ restrukturizasiyadan keçib və tətbiqin sahibi olan şirkətin adı “Alphabet” olaraq dəyişib. Ancaq bu ad elə də məşhur olmadı.

 

“Facebook”un rəhbəri Mark Zukerberq insanların virtual reallıq qulaqlıqları və mikrofonlarından istifadə edərək görüşə, oynaya, işləyə və ünsiyyət qura biləcəyi “metakainat” (metaverse) adlı virtual mühit yaratmaq planlarını açıqlayıb: “Mövcud brend adı gələcəkdə nə edəcəyimizi, indi nə etdiyimizi izah etmək üçün kifayət deyil. Ona görə də onu dəyişdirmək lazımdır. Ümid edirəm ki, zaman keçdikcə biz metakainat şirkəti kimi görünəcəyik və həm biznesimizi, həm də kimliyimizi gələcəkdə quracağımız işlərin təməli kimi istifadə edə biləcəyik”.

 

Ad dəyişikliyi ilə yanaşı, şirkət Kaliforniyanın Menlo Parkda ərazisindəki baş qərargahında yeni loqosunu da təqdim edib. “Meta” mavi sonsuzluq işarəsi olan loqodan istifadə edəcək.

 

Zukerberq həmçinin elan edib ki, zaman keçdikcə istifadəçilər şirkətin digər xidmətlərindən yararlanmaq üçün “Facebook”dan istifadə etmək məcburiyyətində qalmayacaqlar. Artıq insanlar kompüter əvəzinə virtual aləmə qulaqlıq vasitəsilə qoşula və bir çox müxtəlif rəqəmsal mühitlərə daxil ola biləcəklər. Virtual dünya biznes, oyunlar və bədii fəaliyyətlər kimi bir çox praktik sahədə istifadə edilə bilər.

 

“Facebook” şirkəti dekabrın 1-dən etibarən yeni adla səhmlərin birjada satışına başlanılmasının planlaşdırıldığı açıqlayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal