ABŞ və Türkiyə texniki heyətləri F-16 döyüş təyyarələrinin modernləşdirilməsi üçün danışıqlara başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.
O qeyd edib ki, ilk seçim F-35 proqramına qayıtmaqdır, Türkiyə bunun üçün 1.4 milyar dollar vəsait ödəyib.
“Əgər F-35 problemini indi həll etmək mümkün deyilsə, o zaman biz vaxtımızı boşa xərcləmək istəmirik. Biz bunu F-16-lar vasitəsilə kompensasiya etməyə çalışa bilərik. Amerika administrasiyası indiyədək buna müsbət münasibət göstərib. Hazırda təbii ki, üzərində işləmək lazım olan texniki məsələlər var”, - deyə Kalın qeyd edib.
Mətbuat katibi vurğulayıb ki, Türkiyənin CAATSA sanksiyalarına görə F-35 Proqramından kənarda qalması ədalətsiz və qanunsuz təcrübədir.
“Əslində, hazırda ABŞ Konqresində S-400 alan Hindistana istisna gətirilməsi ilə bağlı qanun layihəsi gündəmə gəlib. Burada söhbət yalnız Rusiyadan böyük miqdarda silah alınmasından gedirsə, niyə bu ölkələrə istisnalar edilir? Əgər belə bir qayda yoxdursa, niyə Türkiyəyə qarşı bu sanksiya tətbiq edilir? Bu sualı vermək bizim haqqımızdır”, - deyə İbrahim Kalın bildirib.
Akif İsmayılov