Modern.az

Liviyada seçkilər: Türkiyənin mövqeyi necə olacaq?

Liviyada seçkilər: Türkiyənin mövqeyi necə olacaq?

Dünya

9 Dekabr 2021, 23:56

Bu ayın 24-də Liviyada seçkilərin keçirilməsi planlaşdırılır. BMT-nin rəhbərlik etdiyi Liviya Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında ölkədə parlament və prezident seçkilərinin bu tarixdə keçirilməsi qərara alınıb.

 

Bir müddət əvvəl Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa tərəfindən dəstəklənən Xəlifə Həftər və onun rəhbərlik etyidi Liviya Milli Ordusu BMT tərəfindən tanınan və paytaxt Tripoliyə nəzarət edən Milli Razılaşma Hökumətinə sadiq qüvvələrə qarşı hücuma başlamışdı. Həftər qarşısına Tripolini ələ keçirmək məqsədi qoymuşdu. Ancaq Türkiyənin müdaxiləsi ilə hücum dayandırıldı və Həftər geri çəkilərək danışıqlar masasına oturmağa məcbur oldu.

 

Tərəflər arasında imzalanan atəşkəs razılaşması ölkənin keçid prosesinə başlamasına səbəb oldu. Bu prosesdə müvəqqəti Milli Birlik Hökuməti və Prezident Şurası formalaşdırıldı. Bununla belə, ölkənin şərqində yerləşən Tobrukdakı Nümayəndələr Palatası ilə Tripoli hökuməti arasında fikir ayrılığı davam edir.

 

Ekspertlərin fikrinə görə, Türkiyə bu mərhələdə hərbi çəkisi və effektivliyindən siyasi arenada istifadə etməyə başlayıb. Türkiyə ölkədə təkcə hərbi cəhətdən mövcud deyil, həm də geniş iqtisadi maraqları və planları var. Ankara müqavilə çərçivəsində Liviyada olan yeganə xarici qüvvədir.

 

Təyin edilmiş seçki gününə iki həftə qalmış ölkədə Rusiya muzdluları, həmçinin BƏƏ və Misirin dəstəyi ilə Afrikaının digər bölgələrindən gələn silahlı birləşmələrin olduğu bildirilir.

 

Tripolidə yerləşən Dövlət Ali Şurası fevralın 24-də prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı «təşəbbüs irəli sürdüyünü” açıqlayıb. Tripolidə mətbuat konfransı keçirən Şuranın ikinci vitse-prezidenti Ömər Buşah bildirib ki, seçkilərdə siyahı üsulundan istifadə edilməlidir, prezident, iki vitse-prezident və baş naziri siyahıya daxil edilməlidir. O, bu dəyişikliyi etmək üçün seçkinin fevral ayına təxirə salınmasını tələb etdiklərini açıqlayıb.

 

“Seçki komissiyasının üzləşdiyi problemlər və qalmaqallı adların prezidentliyə namizəd olması səbəbindən indiki formada seçkilər artıq təxirə salına bilər”. Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi və Xəlifə Həftər də seçkilərdə prezidentliyə namizəddirlər.

 

Bu açıqlamadan bir gün əvvəl Tobruk parlamenti seçki prosesində qarşıya çıxan maneələri və çətinlikləri araşdırmaq üçün komissiya yaratdığını açıqlayıb. Son zamanlar prezident seçkilərində namizədlik meyarları və seçkilərin vaxtı ilə bağlı müzakirələr intensivləşib.

 

2019-cu ilin noyabrında BMT-nin qanuni hesab etdiyi Tripoli hökuməti ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayan Ankara müqavilədən dərhal sonra bu hökumətə 2020-ci ilin yanvarında hərbi dəstək verməyə başlayıb. Bu dəstək Haftarın geri çəkilməsi və 2020-ci ilin iyununda Tripolinin mühasirəsinə son qoyması ilə nəticələndi.

 

Ankara ilə Tripoli arasında Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası sahələrini müəyyən edən saziş də imzalanıb. Bu saziş regiondakı digər dövlətlərin əməkdaşlığına qarşı iki ölkə arasında sıx əməkdaşlığın ən böyük göstəricisidir. Türkiyə bu razılaşmalarla Liviyada vətəndaş müharibəsində onsuz da problemli münasibətləri olan Misir və BƏƏ ilə üz-üzə gəlib.

 

Ankara BMT-nin ölkədəki xarici qüvvələrin çıxarılması ilə bağlı çağırışlarına cavab verir və bildirir ki, Rusiya və BƏƏ-nin dəstəklədiyi qüvvələr çıxarılmayınca geri çəkilməyəcək. Ankara digərlərindən fərqli olaraq türk əsgərlərinin Tripoli hökuməti ilə imzalanmış qanuni müqavilə çərçivəsində ölkədə olduğunu da vurğulayır.

 

Türkiyə seçkidə kimə dəstək verəcək?

 

Türkiyə diplomatik praktikaya uyğun olaraq seçkidə heç bir namizədin lehinə açıq şəkildə tərəf tutmur. Lakin onun vətəndaş müharibəsində qarşı tərəfdə olan Xəlifə Həftərin namizədliyinə “qanuni olmadığını əsas gətirərək” qarşı çıxdığı məlumdur. Ankaranın indiki Tripoli hökumətinin baş naziri Əbülhəmid Dibeybe ilə də çox yaxın əlaqələri var. Misratadan olan iş adamı Dibeybe də prezidentliyə namizəddir.

 

Türkiyənin həm dəniz yurisdiksiyası, həm də hərbi əməkdaşlıq müqavilələri imzaladığı Tripolidəki keçmiş hökumətin daxili işlər naziri Fəthi Başağa Ankaraya çox yaxın olan Liviya siyasətçilərindən biridir. O, həm də prezident seçkilərində namizəddir. Misratadan olan Başağa nazir kimi dəfələrlə Ankaraya səfər edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama