Türkiyə və Ermənistan 1993-cü ildən etibarən bağlı olan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulmasını əhatə edəcək yeni normallaşma prosesinə başladıqlarını açıqlayıb. Qeyd olunur ki, hər iki ölkə tərəfindən təyin olunacaq xüsusi nümayəndələr normallaşma üçün yol xəritəsi hazırlamağa çalışacaq və parametrlər razılaşdırılarsa, 2009-cu ildə imzalanmış iki protokola oxşar sazişlər gündəmə gələcək. Ehtimal olunur ki, Türkiyə-Ermənistan yaxınlaşması Rusiya Federasiyasının regionda təsirini zəiflətmək üçün Qərb bloku, ilk növbədə ABŞ və Aİ tərəfindən dəstəklənir.
Türkiyə 2020-ci ilin payızında baş verən və Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən dərhal sonra İrəvanla münasibətləri normallaşdırmağa hazır olduğu mesajlarını verməyə başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində keçirilən seçkilərdə qalib gəldikdən sonra Türkiyə ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib.
ABŞ Ankara ilə İrəvan arasında yeni dialoq prosesinin başlaması üçün işə qarışıb və məsələ Roma görüşündə xarici işlər nazirləri Entoni Blinken və Mövlud Çavuşoğlu arasında müzakirə edilib.
Bu kontekstdə Ankara ilə İrəvan arasında dialoq prosesi ilə bağlı ilk konkret bəyanat Çavuşoğlu tərəfindən səsləndirilib. 2022-ci il büdcə müzakirələri zamanı Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edən Çavuşoğlu tərəflərin normallaşma üçün xüsusi nümayəndələr təyin edəcəyini bildirib.
“Biz dedik ki, (birbaşa) dialoqlar başlasın deyə, xüsusi nümayəndələr təyin edəcəyik. Əslində, Ermənistan təyin edib. Biz də yaxın günlərdə xüsusi nümayəndəmizi təyin edəcəyik, lazımi rəsmi tədbirlər görülməlidir”, - deyə o qeyd edib. Və əlavə edib ki, bundan sonra Ermənistanla əlaqə Rusiya vasitəsilə həyata keçirilməyəcək.
Çavuşoğlu Türkiyə və Ermənistanın normallaşma prosesinin Azərbaycan tərəfindən müsbət qaşılandığını bildirib:
“Bütün məsələləri Azərbaycanla koordinasiya edirik, danışırıq, birlikdə qərar veririk, səfirlik açmırıq, xüsusi nümayəndə təyin edirik. Əgər gələcəkdə normallaşsa, Ermənistan bu son hadisələrdən ibrət götürsə, sülhə, əmin-amanlığa üstünlük versə, sabah bu normallaşma prosesində səfirlik açıla bilər. Bu məsələdə də Azərbaycanla birlikdə qərar verəcəyik.
Çavuşoğlu Ermənistanla çarter reyslərinin bərpası ilə bağlı qərarın verildiyini bildirib.
Ermənistan Xarici İşlər Nazirliyi dekabrın 14-də verdiyi bəyanatda Türkiyə ilə qarşılıqlı olaraq xüsusi nümayəndənin təyin ediləcəyini təsdiqləyib. Nazirliyin sözçüsü Vahan Hunanyan Çavuşoğlunun bəyanatını alqışladıqlarını bildirib və Ermənistanın bu dialoqu təmin etmək üçün xüsusi nümayəndə təyin edəcəyini qeyd edib. Mətbuat katibi vurğulayıb ki, Ermənistan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşması barədə danışmağa hazırdır.
Ermənistan Türkiyə ilə Azərbaycanın dəstəklədiyi Naxçıvan Muxtar vilayətindən keçirəcək dəhlizə qarşı çıxsa da, xüsusi nümayəndə təyin etməklə dialoq prosesinə mane olan tərəf olmayacağını göstərir.
Xüsusi nümayəndələr yol xəritəsini müəyyən etməyə çalışacaqlar.
Qeyd edilir ki, təyin olunacaq xüsusi nümayəndələr birbaşa dialoq yolu ilə münasibətlərin normallaşması üçün yol xəritəsi yaratmağa çalışacaqlar. İsveçrə Türkiyə ilə Ermənistan arasında 2009-cu ildə imzalanan, lakin yekunlaşmayan normallaşma prosesində vasitəçi kimi fəal iştirak edib. Danışıqlar nəticəsində dövrün Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında diplomatik münasibətlərin qurulması və bütün sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsini ehtiva edən iki protokol imzalanıb.
Protokolda 1993-cü ildən bağlanan sərhədin müqavilələrin qüvvəyə minməsindən iki ay sonra açılacağı və tərəflərin ərazi bütövlüyünə qarşılıqlı hörmət anlayışı ilə çıxış edərək mübahisələri dialoq yolu ilə həll etmək iradəsi vurğulanıb. Buna görə də Türkiyə və Ermənistan dərhal siyasi məsləhətləşmələrə başlamaq, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq etmək qərarına gəliblər.
Ermənistanın Qarabağ torpaqlarını işğal atında saxlaması, Azərbaycanın narahatlıqları və Ermənistandakı ifrat millətçi qrupların hökumətə göstərdiyi təzyiqlər səbəbindən yuxarıda qeyd olunan protokollar qüvvəyə minməyib. Tərəflər yol xəritəsi ilə bağlı razılığa gələrsə, 2009-cu ildəki protokollara bənzər yeni protokolların gündəmə gətiriləcəyi və normallaşmanın hüquqi və siyasi infrastrukturunun tamamlanacağı nəzərdə tutulur.
Xarici işlər naziri Çavuşoğlu deputatların suallarını cavablandırarkən qeyd edib ki, proses müəyyənləşdiyi kimi davam edərsə, tərəflər qarşılıqlı olaraq səfirlərin təyini mərhələsinə gələ bilərlər.
1915-ci il hadisələri gündəmdə qalacaqmı?
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının ən çətin mövzularından biri də İrəvanın 1915-ci il hadisələrini “soyqırımı” kimi qələmə verməsidir. İrəvan, həmçinin, ABŞ və Fransadakı diasporları vasitəsilə daha çox ölkə və parlamentin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasına çalışır.
Türkiyə isə 1915-ci il hadisələrinin soyqırım kimi müəyyən edilməsinə qəti şəkildə qarşı çıxır və tarixi hadisələrin tarixçi və ekspertlər tərəfindən dəyərləndirilməsinin vacibliyini vurğulayır.
Türkiyə və Ermənistan həm dövlət səviyyəsində, həm də hüquqlar səviyyəsində bu məsələnin normallaşma prosesinə kölgə salmamalı olduğunu başa düşür. Ermənistan hakimiyyətinin müxalifətin reaksiyasına rəğmən Türkiyə ilə “qeyd-şərtsiz” dialoqa hazır olduğunu deməsi İrəvanın bu məsələyə yanaşmasını göstərən mesaj kimi qiymətləndirilir. Tərəflərin 2009-cu il prosesində bu məsələni gündəmə gətirmədikləri, hazırlanan protokollarda məsələni tarixçilərin ixtiyarına buraxmağa razılaşdıqlarını xatırlatmaq yerinə düşər.
Məqsəd Rusiyanın təsirini azaltmaqdır?
Türkiyə-Ermənistanın normallaşmasının məqsədlərindən biri həm Rusiyanın Ermənistana təzyiqi, həm də Cənubi Qafqazda çəkisini azaltması kimi görünür. ABŞ və Qərbə yaxınlığı ilə tanınan Paşinyanın müharibəni Azərbaycana uduzmasına baxmayaraq, seçkilərdə qalib gələrək hakimiyyətini yeniləməsi həm də erməni xalqının öz iradəsini açıq elan etmək cəhdlərinə dəstək kimi qiymətləndirilir.
Ona görə də Vaşinqton Ankara-İrəvan münasibətlərinin normallaşmasını dəstəkləyir və tərəfləri birbaşa dialoqa təşviq edir. Azərbaycan-Ermənistan münaqişələri dayandırıldıqdan sonra Aİ-nin tərəflər arasında dialoqa daha çox cəlb olunduğu müşahidə edilir. Ukraynaya görə Rusiya ilə böyük gərginlik yaşayan Qərb bloku da strateji baxımdan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına önəm verir. Türkiyə Azərbaycanla qurduğu güclü siyasi, hərbi və iqtisadi tərəfdaşlığı Cənubi Qafqazda da genişləndirməyi hədəfləyir.
Xatırlatmaq yerinə düşər ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 25-də Ermənistanın İrəvanla Ankara arasında münasibətlərində vasitəçilik etmək üçün Rusiyadan kömək istədiyini bildirib:
“Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün səy göstərməkdə maraqlıdır. Ölkəmiz gələcəkdə də ona dəstək verməyə hazırdır. Fikrimizcə, bu prosesin başlanması regionda cəmiyyətin sağlamlığına, qonşuluq və dialoqun formalaşmasına bilavasitə töhfə verəcək, bu da indi xüsusilə aktualdır”.
Akif İsmayılov