ABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsi ölkənin 35-ci prezidenti Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə əlaqəli aparılan araşdırmalarla bağlı yeni sənədlər toplusunu dərc edib.
Modern.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) , FTB, Dövlət Departamenti və ABŞ-ın digər dövlət qurumlarından toplanan 1491 sənəd bu günə qədər bu mövzuda açıqlanan ən böyük topludur.
Sənədlərin arasında sui-qəsdə görə tək qatil hesab edilən Li Harvi Osvaldın SSRİ və Kubanın Mexikodakı səfirlikləri ilə əlaqələri haqqında məlumatlar var.
Açıqlanmış sənədlərdən birində qeyd edilir ki, Osvald Kennedinin öldürülməsindən bir neçə ay əvvəl viza ərizələri ilə Kuba və SSRİ səfirliklərinə səfər edib. Başqa bir sənəddə göstərilir ki, MKİ-nin məlumatına görə, Osvald KQB-nin “müqavilə əsasında qətllər” şöbəsi ilə yaxından əlaqəli olan SSRİ səfirliyinin konsulu ilə görüşüb.
Kennedinin qətli ilə bağlı sənədləri açıqlayan 1992-ci ildə qəbul edilmiş qanun onların hamısının 25 il ərzində, yəni 2017-ci ilin oktyabrına qədər dərc olunmasını nəzərdə tuturdu. Həmin ilin iyulunda Milli Arxivlər İdarəsi sənədlərin məxfiliyinin açılmasına başladı, lakin onların bəzilərinin açıqlanması ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın tələbi ilə təxirə salındı. Ən son sənədlərin 15 dekabr 2022-ci ildə dərc ediləcəyi gözlənilir.
Akif İsmayılov