Türkiyə və Qətər rəsmiləri bazar ertəsi gecə Dohada görüşəcək, daha sonra isə Əfqanıstan paytaxtının hava limanının idarə olunması ilə bağlı “Taliban”la rəsmi razılaşmanı müzakirə etmək üçün birlikdə Kabilə gedəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Türkiyə avqust ayında Əfqanıstanda hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra Qətərlə birlikdə Kabilin Həmid Karzai beynəlxalq hava limanının istismarına kömək edəcəyini bildirmişdi.
Ankara Kabil hava limanı ilə bağlı Doha ilə danışıqlar aparır və onun fəaliyyətinin saxlanması üçün Qətərlə birlikdə çalışdığını bildirib. “Reuters”in məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri də hava limanını idarə etmək üçün “Taliban”la danışıqlar aparıb.
Çavuşoğlu, bir türk şirkəti ilə Qətər firmasının Əfqanıstanda Həmid Kərzai də daxil olmaqla 5 hava limanının idarə edilməsi ilə bağlı anlaşma memorandumu imzaladığını bildirib, o, digər dördünün adını açıqlamayıb.
Akif İsmayılov