Türkiyənin Kocaeli vilayətinin Körfez bələdiyyəsi tərəfindən tikintisinə 9 ay əvvəl başlanılan Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin adını daşıyan park bir neçə gün öncə tamamlanaraq istifadəyə verilib.
Dudayevi “terrorçu” hesab edən Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov özünün sosial media hesabında parkın açılmasını tənqid edib. O, Türkiyəni və prezident Rəcəb Tayyib Ərdoğanı hədələyib.
Kadırov Türkiyəni “terrorçuları dəstəkləməkdə” ittiham edib. Prezident Ərdoğanı adı ilə hədəfə alan Kadırov parka cavab olaraq Qroznıda PKK lideri Abdullah Öcalanın heykəlini tikəcəyəni bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Kadırovun qisas alacağı ilə hədələyən bəyanatına anlayışla yanaşır. O qeyd edib ki, bir neçə müharibədən sağ çıxan region rəhbəri üçün belə reaksiya başadüşüləndir.
Onun sözlərinə görə, artıq Rusiya məsələ ilə bağlı Türkiyəyə öz narazılığını bildirib:
“Bu, regionda nəzarəti ələ keçirməyə cəhd edən terrorçular tərəfindən törədilən və başladığı bir neçə müharibədən sağ çıxan Rusiya regionunun rəhbərinin çox emosional, lakin başadüşülən reaksiyasıdır”, - deyə Peskov bildirib.
Cövhər Dudayev çeçen hərəkatına rəhbərlik edən aviasiya general-mayorudur. O, Rusiyada terror təşkilatı kimi tanınan Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti olub. 1996-cı il aprelin 22-nə keçən gecə Gexi-Çu kəndi yaxınlığında qətlə yetirilib. Dekabrın 10-da Türkiyənin Körfəzində onun şərəfinə park açılıb.
Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarix boyu yeganə generalı olan Dudayev 1996-cı ildə öldürülüb.
Akif İsmayılov