Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri üzrə danışıqlar yanvarın ikinci yarısında baş tuta bilər.
Modern.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri diplomatik dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, danışıqlar Moskva üçün birinci dərəcəli əhəmiyyət kəsb edəcək, bunun nəticəsi NATO ilə növbəti məsləhətləşmələrin baş tutub-tutmayacağını müəyyən edəcək.
Qəzetin həmsöhbətinin sözlərinə görə, Rusiya tərəfi danışıqları bu ilin sonuna qədər aparmağı planlaşdırırdı, lakin ABŞ danışıqların yanvarda keçirilməsini tələb edib. Qarşıdan gələn görüşün yeri dəqiqləşdirilir.
“Hələlik görüşün vaxtı və yeri ilə bağlı heç bir təfərrüat yoxdur”, - deyə mənbə bildirib.
NATO ilə dialoqun necə davam edəcəyi hələ məlum deyil. Hazırda danışıqlar üçün platforma yoxdur, ona görə də Moskva Rusiyanın Belçikadakı səfirliyi və krallığın Rusiyadakı diplomatik nümayəndəliyi vasitəsilə alyansla danışıqlar aparır.
Vladimir Putin sonuncu dəfə dekabrın 7-də Co Baydenlə videobağlantı vasitəsilə danışıb. Daha sonra Amerika lideri rusiyalı həmkarını Ukrayna ətrafındakı vəziyyətlə bağlı gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb. O, həmçinin Rusiya prezidentinə ABŞ və müttəfiqlərinin “ciddi iqtisadi və digər sanksiyalar” barədə xəbərdarlıq edib.
Akif İsmayılov