İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bir günlük Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirdi, dostluq və əməkdaşlığa dair bəyanatlar səsləndirdi.
Azərbaycanı ərazilərini işğaldan azad etməsi münasibətilə təbrik edən Hüseyn Əmir Abdullahian İranın ölkəmizi ən yaxın dostlarından biri hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, müharibədən sonra İran Azərbaycana qarşı bir sıra sərt iddialarla çıxış etmişdi.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İran arasındakı ötən il başlayan siyasi-diplomatik gərginlik artıq başa çatıb:
“44 günlük müharibə dövründə İran tərəfindən başladılan gərginlik prezident və nazirlər tərəfindən olunan bəyanatlarla demək olar ki, bitib. Bundan başqa altılıq platformada İran fəal iştirak edir. İki ölkə arasında indiki əlaqələri müsbət qiymətləndirmək olar. Çünki əldə edilən razılıqlar iki ölkənin inkşafı üçün də vacibdir. Ölkələr arasında iqtisadi əlaqələr bir sıra siyasi problemlərin də həll edilməsinə dəstək verə, yaxud ona yardım edə bilər. Amma ölkələrin əbədi maraqları olduğundan perspektivdə İran-Azərbaycan iqtisadi əlaqələrinin siyasi problemlər yaradacağı da istisna olunmur.
Hazırkı vəziyyətdə iqtisadi maraqlar, iqtisadi əməkdaşlığın həyata keçirilməsi istiqamətində razılaşmalar davam edir. Amma hələ ki, bu layihələr fəaliyyətə başlamayıb, yalnız razılaşmalar var. Sonrakı mərhələdə hadisələr fərqli məcraya yönələ də bilər. Məsələn, nüvə proqramına və pilotsuz uçuş aparatları ilə bağlı Qərbin münasibətindən asılı olaraq regionda və dünyada İran hakimiyyətinə münasibət dəyişə bilər. Heç şübhəsiz, bu istiqamətdə İrana qarşı BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində beynəlxalq sanksiyalar tətbiq olunarsa, ehtimal etmək olar ki, bu sanksiyalara Azərbaycan da qoşula bilər.
Vyanada İranın nüvə proqramına dair dekabrın 27-də danışıqların növbəti raundu bərpa olunacaq. Bu danışıqlara əsasan İrana qarşı sanksiyaların yumşaldılma ehtimalı var. Bu isə yeni siyasi problemlərə səbəb ola bilər. Bütün hallarda ehtimalları bir yana qoyaq. Hələ ki, zahirən İran-Azərbaycan münasibətləri əməkdaşlıq istiqamətində inkişaf etməkdədir. Odur ki, perspektivdə heç nə əbədi olmadığı kimi bu münasibətin də əbədi olacağına ümid azdır və heç vaxt belə olmur. Ən müttəfiq olan ölkələr belə haradasa müəyyən siyasi proseslərin fonunda aralarında gərginlik yaşanır. Məsələn, Donald Trampın hakimiyyəti dövründə Almaniya və Amerika Birləşmiş Ştatları, eləcə də Avropa İttifaqı arasında yaranmış gərginliyə diqqət yetirmək kifayət edər. Hazırkı məqam və yaxın dövr üçün hələ ki, İranla Azərbaycan arasında elə də siyasi problemin yaşanacağı gözlənilmir”.