Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus deyib ki, əgər biz birlikdə hərəkət etsək, dünya ictimaiyyəti gələn il koronavirus pandemiyasına son qoya bilər.
Modern.az xəbər verir ki, Tedros Qebreyesusun sözlərinə görə, bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-ni peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir.
O bildirib ki, ÜST və tərəfdaşları peyvəndlərin, testlərin və müalicələrin bütün dünyada ehtiyacı olan insanlar üçün əlçatan olmasına kömək edir.
"İndi pandemiyanın üçüncü ilinə qədəm qoyduğumuz üçün əminəm ki, bu, onu bitirdiyimiz il olacaq. Amma bu, yalnız biz bunu birlikdə etsək baş verəcək", - Qebreyesus vurğulayır.
Onun sözlərinə görə, bütün dünyada səhiyyə sahəsində təhlükəsizliyin təmin edilməsi üçün daha etibarlı sistemlər yaratmaq lazımdır.
"2022-ci ildə ölkələr pandemiya ilə mübarizə üçün qlobal saziş üzrə danışıqlara başlayacaq ki, bu da idarəetmə və maliyyələşdirmə mexanizmlərini, eləcə də dünyanın epidemiya və pandemiyaların qarşısının alınması, hazırlanması, aşkarlanması və onlara cavab verməsi üçün lazım olan sistem və vasitələri gücləndirməyə kömək edəcək",- ÜST rəhbəri bildirib.