Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani BBC-yə müsahibə verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident “Taliban” rejiminin paytaxt Kabilə daxil olduqdan sonra Əfqanıstandan qaçma səbəbinə aydınlıq gətirib.
O, Kabili qorumaq üçün ölkəni tərk etdiyini, iddia olunduğu kimi, özü ilə böyük məbləğdə pul götürmədiyini və beynəlxalq tərəfdaşlara güvənməkdə səhv etdiyini vurğulayıb. Həmçinin, Kabildə dağıntıların qarşısını almaq üçün bu addımı atdığını söyləyib.
Hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayan Ə.Qani avqustun 15-nin Əfqanıstandakı son günü olacağını bilmədiyini, bunu təyyarəyə minəndə anladığını deyib:
""Taliban" iki fərqli istiqamətdən yaxınlaşırdı. Beş milyonluq şəhəri yerlə-yeksan edəcək, insanları öldürəcəkdilər. Böyük münaqişənin baş vermə ehtimalı çox yüksək idi. Həmin gün həyat yoldaşım və milli təhlükəsizlik müşavirim Kabili tərk etməyə razılaşdı. Müdafiə Nazirliyindən getmək üçün maşın gözləyirdik. Hər şey çox ani surətdə baş verdi. Hara gedəcəyimizi bilmirdim. Təyyarə havaya qalxandan sonra məlum oldu ki, Əfqanıstanı tərk edəcəyik”.
Əşrəf Qani özü ilə külli miqdarda pul götürdüyü barədə iddianı təkzib edib:
“Mənim həyat tərzimi hamı bilir. Pulu nə edəcəm?”.
Keçmiş prezident ona qarşı beynəlxalq araşdırma aparıla biləcəyini də qeyd edib.
Müsahibə zamanı Ə.Qani ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Taliban”la razılaşmasını əsas göstərərək, beynəlxalq tərəfdaşlara güvənməkdə səhv etdiyini deyib.
Əfqanıstanın vitse-prezident Emrullah Salih Qaninin Kabildən qaçmasını utancverici hal adlandırıb və keçmiş liderin qaçaq yolla apardığı pulların çamadanlara sığmadığını iddia edib.
Qeyd edək ki, 2021-ci il avqustun 15-də “Taliban” rejimi Kabildə nəzarəti ələ keçirib.