Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təklifləri hərbi üstünlük əldə etmək cəhdlərindən çəkinmək prinsipinə əsaslanan yeni sazişlər sisteminin yaradılmasına və qanuniləşdirilməsinə yönəlib.
Modern.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Amerika Birləşmiş Ştatları ilə müqavilə layihəsi və NATO ilə təhlükəsizlik təminatlarına dair sazişdən danışaraq deyib:
“Bu sənədlər NATO-nun şərqə hər hansı növbəti irəliləyişini və Rusiya sərhədləri yaxınlığında, xüsusilə Ukraynada bizi təhdid edən silah sistemlərinin yerləşdirilməsini istisna etmək üçün nəzərdə tutulmuş paket xarakterlidir”.
“Bizim təkliflərimiz 1990-cı illərdə bütün Avro-Atlantik dövlətlərin liderləri tərəfindən yekdilliklə təsdiq edilmiş bölünməzlik, təhlükəsizlik və hərbi üstünlük əldə etmək cəhdlərindən imtina prinsipinə əsaslanan yeni sazişlər sisteminin yaradılması və qanuniləşdirilməsinə yönəlib”, - deyə Lavrov əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbər bildirib ki, məhz hüquqi cəhətdən məcburi təminatlara ehtiyac var:
“Bizə məhz hüquqi təminatlar lazımdır, çünki Qərbdəki həmkarlarımız sistematik olaraq öz siyasi öhdəliklərini yerinə yetirmirlər. Mən heç Sovet və Rusiya rəhbərliyinə verilən şifahi vədlərdən danışmıram”.