Qazaxıstanın Alma-Ata şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyasında toqquşma yaşanıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı xalqı daxili və xarici təxribatlara uymamağa çağırıb.
Türkiyəli siyasi şərhçi İmbat Muğlu Modern.az-a açıqlamasında bildirib ki, pandemiyanın fəsadlarını ciddi şəkildə hiss edən ölkələrdən biri də Qazaxıstandır:
“Qazaxıstan iqtisadiyyatı ciddi zərər görüb. Amma xalqın yüksək qiymətləri əsas gətirərək, küçələrə çıxması əslində demokratik hərəkət deyil. Bu, demokratiyaya müdaxilədir. Çünki dünyanın bir çox inkşaf etmiş ölkələrində belə problemlər var. İqtisadi çətinliyi aradan qaldırmaq üçün xalqın höküməti dəstəkləməsi lazım olduğu vaxtda, küçəyə çıxması yanlışdır. Xalqın küçəyə çıxmasının gizli səbəbləri də var. Bu hadisələr Qazaxıstanla yarışmaq və ölkəni parçalamaq istəyən qüvvələr tərəfindən törədilir.
Qazaxıstan höküməti bu təxribat qarşısında zəif qaldı və istefasını verdi. Əslində hökumət problemi həll etmək üçün müxtəlif versiyalar üzərində çalışmaqdansa, ən asan yolu seçdi. Dirəniş, vətəndaşını sakitləşdirmək əvəzinə istefa, Qazaxıstan hökümətinə yaraşmır. Demokratiya uyğun olaraq aksiyalar keçirilə bilər, amma bu o demək deyil ki, dövlətin malına ziyan vurmaq olar. Hökümətin də xalqa şiddət göstərmədən aksiyalara səs verməsi lazımdır”.
Türkiyədə fəaliyyət göstərən Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) sədri Elnur İsmayıl qeyd edib ki, Qazaxıstandakı proseslər daha çox xalqın sosial problemlərindən qaynaqlanır:
“Bu məsələ sadəcə Qazaxıstanla kifayətlənmir. Çünki problem beynəlxalq xarakter daşıyır. Amma Qazaxıstandakı hadisələr bir az fərqli dəyərləndirilə bilər. Burada xüsusilə diqqət yetirilməli məqam Qazaxıstanın mənəvi lideri Nur Sultan Nazarbayevin tutduğu vəzifələrdən istefa verməsini tələb edənlərin olmasıdır.
Bunları dəyərləndirmək lazımdır, bu da təxribat xarakteri daşıyır. Arxasında isə fərqli qüvvələr var. Amma hökümətin istefaya göndərilməsi ilə aksiyaların azalacağını təxmin edirəm. Bu aksiyanın Orta Asiya ölkərinə də müəyyən təsirləri ola bilər. Amma yəqin ki, qarşısı əvvəlcədən alınacaq. Türk dünyası üçün isə xüsusi təsiri olmayacaq. Qazaxıstanın imkanı var ki, bu aksiyaları aradan qaldırsın. Bu qısa müddətdə həll oluna bilən problemdir”.