Son zamanlar Qərb və ABŞ tərəfindən Rusiyaya qarşı “SWIFT”dən kənarlaşdırmaq hədələri səsləndirilir.
Modern.az xəbər verir ki, bu təhdid Moskvaya yönəlik hər il təkrarlanır və maliyyə bazarında ən sərt təhdidlərdən hesab olunur. Çünki bununla beynəlxalq hesablaşmalar çətinləşdirilir.
İri ticarət tərəfdaşının təcrid olunması bütün dünya iqtisadiyyatına zərbə vura bilər. Bəs bu hədə-qorxu reallaşacaqmı?
İlk olaraq, “SWIFT”in nə olduğuna baxaq.
“SWIFT” – informasiya mübadiləsi və əməliyyatlar üzrə beynəlxalq banklararası sistemdir. 1973-cü ildən fəaliyyət göstərir. Hazırda bu sistemə 220 ölkədən 11 min kredit təşkilatı, o cümlədən 1000-ə yaxın korporasiya qoşulub. Sistemin orta günlük dövriyyəsi təxminən 32 milyona bərabərdir.
Sistemdən kənarlaşdırılmaq isə kifayət qədər radikal addımdır. Bu, hər hansı bir şəkildə valyuta ilə əlaqədar olan bütün sahələrə öz təsirini göstərəcək.
Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov Qərbin təhdidləri barədə Modern.az-a danışıb. O bildirib ki, “SWIFT”lə bağlı qərarın verilməsi asan məsələ deyil, amma tərəfdaşlar arasında ciddi narahatlıq doğurur:
"Həqiqətən, maliyyə sektoruna təsir edənlər də daxil olmaqla, Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiya təzyiqinin ən ağır ssenariləri kifayət qədər ciddi rezonans doğurur. Qeyd etmək olar ki, bu mövzu Moskvanın Avropa İttifaqındakı tərəfdaşları arasında da təşviş yaradır.
Məsələn, Ermənistan Mərkəzi Bankının rəhbəri Martin Qalstyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransını yada salaq. Rusiyanın "SWIFT" sistemindən ayrılması onun təmsil etdiyi ölkənin iqtisadiyyatına ciddi təsir göstərə biləcəyini deyib".
Rusiyalı ekspert hesab edir ki, əslində bu cür söz-söhbətlərə Amerika və Avropa siyasətçilərinin bəyanatları təkan verir:
"2022-ci il yanvarın sonunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin “Moskvaya qarşı çox sərt tədbirlərin tətbiqi, o cümlədən Rusiya ilə əlaqənin kəsilməsi gündəmdən çıxarılmayıb” ifadəsini qeyd edə bilərik.
Eyni zamanda, Qərb dövlətlərinin yaxın gələcəkdə Rusiyaya qarşı həyata keçirə biləcəyi real tədbirlər ABŞ və Avropa siyasətçilərinin ən sərt bəyanatlarından daha ehtiyatlı olmağa təkan verir. Əslində ABŞ və Avropa dövlətləri də bu qərara ehtiyatlı yanaşır. Ehtiyatlı yanaşmaya meyl etdiyini göstərən dolayı əlamətlərdən biri də rəsmi açıqlamalarda Rusiya elita və korporasiyalarının konkret nümayəndələrinə qarşı yeni sanksiyaların tətbiqi ehtimalının vurğulanmasıdır. Yəni, sanksiyalar sferasında ilk növbədə “dəqiq zərbələr” nəzərdə tutulub".
Mixail Neyjmakov daha sonra Ağ Evin mətbuat katibi Cennifer Psakinin Ukrayna ətrafında vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşdiyi halda Rusiya elitasının nümayəndələrinə və onların ailələrinə qarşı “sanksiya paketləri”nin hazırlanması barədə çıxışını xatırladıb:
"Böyük Britaniya hökuməti Rusiyanın bəzi iri biznes nümayəndələrinə qarşı sanksiyaların mümkün tətbiqi üçün hüquqi bazanın hazırlandığını açıqlayıb. Yaxın gələcəkdə Rusiyanın "SWIFT"dən ayrılması daha az ehtimal olunan ssenari kimi görünür. Bununla belə, çox güman ki, ABŞ və Aİ Rusiyanı "SWIFT"dən kənarlaşdırmağa cəsarət etməzlər. Çünki bu bizim resurslara əlçatanlığını itirən elə həmin Qərb ölkələrinə zərbə vura bilər. Eyni zamanda "SWIFT" – Belçika yurisdiksiyasında olan korporativ cəmiyyətidir. Sistem formal olaraq müstəqil özəl maliyyə institutuna məxsusdur. Ona görə də Vaşinqtonun kimisə beynəlxalq servisdən kənarlaşdırma barədə göstəriş vermək hüququ yoxdur".