Avropa ölkələri öz iqtisadi, siyasi, texnoloji inkişafları ilə seçilir. Eyni zamanda, Avropadakı bəzi ölkələr öz dövlətçilik ənənələrinə də sadiqdir. Bu sadiqlik özünü bəzi ölkələrin hələ də monarxiya idarə üsulunda qalmasında göstərir. Hazırda bir çox Avropa ölkələri hələ də monarxiya idarəetməsindədir. Hazırkı monarxiya əvvəlki Avropa monarxiyasından parlamentli olması ilə seçilir. Bu ölkələrdə monarxların hüquqlarının o qədər də çox olmadığı və krallıqların formal olduğu bilinir.
Bəs, hazırda hansı Avropa ölkələrinin başında hələ də monarxlar var və onların səlahiyyətləri nələrdir?
Modern.az bununla bağlı apardığı araşdırmanı təqdim edir:
Andorra - Bu ölkə parlamentli monarxiya ilə idarə olunur. Dövlətin ən başında duran şəxsin titulu isə şahzadədir. Bu ölkənin sərhədləri bu gün 1278-ci ildə olduğu kimidir. Orta əsrlərdə Fransa və İspaniya şahzadələri buranı müştərək idarə etmiş, sonra da bu şəkildə davam etdiriblər. Bu gün Andorra dövləti Fransa prezidenti və Urgel yepiskopu yanında knyazlıqdır və onlara nominal vergilər ödəyir.
Belçika - Dövlətin rəsmi adı Belçika Krallığıdır. Bu ölkə parlamentar monarxiya ilə idarə olunur və kralın çox da simvolik olmayan səlahiyyətləri var. Parlamentdə qəbul edilən qərarların qanuna çevrilməsi üçün kralın imzası vacibdir. Onun nazirləri təyin etmək və vəzifədən azad etmək səlahiyyəti var. Kralın məhkumları azad etmək ixtiyarı var. Həmçinin, kral baş naziri saraya dəvət edəndə baş nazir saraya mütləq getməlidir. Kral, eyni zamanda ali baş komandandır.
Danimarka - Bu ölkənin rəsmi adı Danimarka Krallığıdır. Danimarkaya hazırda Kraliça II Marqret rəhbərlik edir. Danimarkalılar kral ailəsinə böyük rəğbət bəsləyirlər.
Kraliçanın şüarı belədir: "Allahın köməyi ilə, xalq sevgisi ilə Danimarka gücü!"
1953-cü ilə qədər qadınların sülaləyə başçılıq etməsi qadağan olduğu halda, Danimarka bu tarixdə referenduma getdi və xalq kraliça tərəfindən rəhbərlik edilməsinə “hə” dedi.
Lixtenşteyn - Ölkənin adının tam forması Lixenşteyn Knyazlığıdır. Ölkə knyazlıq tərəfindən idarə olunur və şahzadənin səlahiyyətləri demək olar ki, mütləq monarxiya ilə eynidir.
Hollandiya - Bu ölkənin rəsmi adı Hollandiya Krallığıdır. Avropada konstitusiyalı monarxiya ilə idarə olunan ölkələrdən biridir.
Bu ölkədə kral ailəsi o qədər sevilir ki, onların Kral Günü adlı xüsusi qeyd etdikləri günü var. Həmin günü böyük coşğu ilə qeyd edirlər. Həmin gün hər yer narıncı rəngə boyanır və hər yerdə bayraqlar asılır.
Norveç - Bu ölkədə hələ də konstitusion monarxiya hakimdir. Kral pula qənaət etmək üçün velosiped sürür. Sözün əsl mənasında ancaq bu ölkədə kralı simvolik adlandıra bilərik. Bununla belə, kral ailəsi hələ də norveçlilər tərəfindən çox sevilir.
İspaniya - Kral ailəsinin ən çox bəyənilmədiyi Avropa ölkəsidir desək, yalan olmaz. Bununla belə, kral ailəsi ölkənin xaotik daxili siyasəti və Böyük Britaniya ilə illərdir davam edən siyasi gərginlik səbəbindən mövcudluğunu davam etdirir.
İsveç - Krallığın mövcudluğunun səbəbi demək olar ki, tamamilə digər Skandinaviya ölkələri ilə münaqişələrlə bağlıdır. Bu ölkədə kralın çox da böyük səlahiyyətləri yoxdur. Ancaq kralın bir qəribə səlahiyyəti var. Kralın bu qəribə səlahiyyəti onun istədiyi adamı güllələmək hüququna malik olmasıdır. Doğrudur, bu gün bu səlahiyyətdən istifadə etmək mümkün olmaya bilər, amma rəsmi olaraq kral istədiyini öldürə bilər və buna görə mühakimə oluna bilməz.
Vatikan - Bu ölkə mütləq monarxiya ilə idarə olunan dünyanın ən kiçik ölkəsidir. Dövlət başçısı papadır və onun sözləri qanuni qüvvəyə malikdir.
Birləşmiş Krallıq - Bu ölkədə monarxa “Kral” və ya “Kraliça” deyilir. İndiki hökmdar II. Elizabet 6 fevral 1952-ci ildən taxtdadır.
Monarxın və ailəsinin mərasim, diplomatik və nümayəndəlik vəzifələri var. Monarxiya konstitusion olduğundan, monarx siyasi səlahiyyətlərindən məhrum edilir. Monarxa medallar və nişanlar təqdim etmək və baş nazir təyin qadağan edilib. Monarx həm də ənənəvi olaraq Böyük Britaniya Silahlı Qüvvələrinin baş komandanıdır.
Turqay Musayev