Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyini qeyri-qanuni miqrantları ölkədən çıxarmağa çağırıb.
Modern.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Putin bildirib ki, qeyri-qanuni miqrantlara və Rusiya qanunlarını pozanlara qarşı ən sərt tədbirlər görülməlidir. Putin onların Rusiyadan çıxarılmasını və ölkəyə girişinə qadağa qoyulmasını tələb edib.
“Hər hansı ekstremizmin təzahürləri, asayişin pozulması və qeyri-qanuni əmək fəaliyyəti Rusiyadan deportasiya və gələcəkdə ölkəmizə girişə qadağa qoyulması barədə qərarların dərhal qəbulu və icrası üçün əsas olmalıdır”, - deyə Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirib.
O əlavə edib ki, “cinayət bizneslərini qeyri-qanuni miqrasiya üzərində quran” cinayətkar qruplar üçün də ciddi tədbirlər görmək lazımdır.
2021-ci il yanvarın 31-də əcnəbilərə hüquqi statuslarını tənzimləməyə imkan verən müvəqqəti fəaliyyət dövlət başçısı tərəfindən dayandırılıb. Bu ilin yanvarın 1-dən qeyri-leqal əmək miqrantları nəinki beş min rubla qədər cərimələnə, həm də Rusiyadan çıxarıla, həmçinin yenidən ölkəyə girişi qadağan edilə bilər. Qanunu pozan işəgötürənləri hər bir miqrant üçün 800 min rubla qədər cərimə gözləyir.
Daxili İşlər Nazirliyi Rusiyada işləmək üçün sənədi olmayan əcnəbilərə əvvəlcədən daxili işlər orqanlarına müraciət etməyi tövsiyə edir.
Qeyd edək ki, Rusiyada çalışan qanunsuz miqrantlar arasında azərbaycanlılar da az deyil.