Türkmənistanın Ahal və Marı vilayətlərində bir qrup vətəndaş martın 12-də keçiriləcək növbədənkənar prezident seçkilərdə öz namizədlərini irəli sürüb.
Modern.az xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.
Ahal vilayət vətəndaşlarından ibarət təşəbbüs qrupu Babadayxan kəndinin sanitar-epidemioloji xidmətinin rəhbəri Maqsatmırat Övezgeldiyevin prezidentliyə namizədliyini irəli sürüb.
Bundan əlavə, Türkmənistan Dövlət Energetika İnstitutunun “Bərpa olunan enerji mənbələri” elmi-istehsalat mərkəzinin direktoru Kakageldi Sarıyev Marı vilayətinin təşəbbüs qrupunun namizədi olub.
Qeyd edək ki, Türkmənistanın bir qrup vətəndaş tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsi qaydasını müəyyən edən Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, namizəd azı 10 min seçicinin səsi ilə dəstəklənməlidir.
Türkmənistanda prezident seçkiləri kampaniyası fevralın 14-də başlayıb. Martın 12-də növbədənkənar seçkilər keçiriləcək.