Modern.az

Putin separatçıları niyə tanıdı? - Kremlin gerçək MƏQSƏDİ

Putin separatçıları niyə tanıdı? - Kremlin gerçək MƏQSƏDİ

22 Fevral 2022, 12:01

Xəbər verdiyimiz kimi, dünən Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

 

Rusiya lideri vətəndaşlara müraciətinin əvvəlində mövzunun Ukrayna ilə bağlı olduğunu bildirib. O çıxışında deyib ki, Ukrayna Rusiya üçün sadəcə qonşu ölkə deyil, ukraynalılar həm də ruslarla yoldaşdırlar.

 

Bundan əlavə, Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını bəyan edib.

 

Bəs, Putin separatçı rejimləri niyə tanıdı, bu qərarın arxasında hansı məqsədlər dayanır?

 

Bu barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ümumiyyətlə, bu məsələlərdə bir neçə davranış modeli müşahidə edilir:

 

 

“Hazırda tanınma metodundan istifadə edilir. Rusiya tərəfindən tanınma metodu vaxtilə Gürcüstana tətbiq edilib. Söhbət Osetiya və Abxaziyadan gedir. İndi biz görürük ki, bu tanınmaq modeli Ukraynanın şərqi üçün də tətbiq olunmaqdadır. Bu, ona görə olub ki, Ukrayna artıq Minsk razılaşmalarından kənardadır. Məlum olduğu kimi Minsk prosesləri çərçivəsində razılaşmalar var idi. Ukrayna bu qondarma qurumlarla konstitusyon çərçivədə danışıqlar aparmalıydı ki, onlarda bu və ya digər şəkildə seçkilər keçirilsin. Bununla da faktiki olaraq Ukrayna bir növ federativ dövlət ola bilsin. Amma Ukrayna rəhbərliyi Minsk razılaşmalarından imtina edib. Bu gərginlik nəticəsində biz gördük ki, artıq digər bir modelə üstünlük verir”.

 

Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb:

 

“Çünki buna oxşar vəziyyətdə, Gürcüstan məsələsində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb. Digər yandan, burada Azərbaycan üçün də düşünüləsi mövzular ortaya çıxıb. Biz bu modellərdən fərqli bir modelin Azərbaycan üçün tətbiqini görürük. Bununla bağlı indi danışmağın yeri yoxdu. Amma biz başa düşməliyik ki, Azərbaycan Rusiya siyasətinə qarşı daha önəmli və faydalı bir davranış və siyasət sərgiləyib.  Hamının da gördüyü kimi öz  məqsədlərinə çatmaq üçün  yaxşı mövqelər əldə edib”.

 

 

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Rusiyanın məqsədi Ukraynanı tam nəzarət altına almaqdır:

 

“Bunun üçün onlar heç nə ilə hesablaşmırlar. Nə beynəlxalq hüquqla, nə Rusiyanın, nə də Ukraynanın mənafeləri ilə hesablaşırlar. Başını itirmiş, qudurmuş Putinin cümləsi beynəlxalq hüquq kimi sayılır və o istədiyini edir”.

 

Ekspertin sözlərinə görə, Ukrayna öz haqqını tələb edir: 

 

“İndi Qərb kifayət qədər qətiyyətlə Ukraynanın tərəfini tutsa, Ukrayna öz hüquqlarını müdafiə edəcək. Ancaq Qərb yenidən Rusiya ilə əlaqələrini davam etdirsə, Ukrayna Rusiyaya qarşı hüquqlarını müdafiə edə bilməyəcək. Amma Ukrayna öz hüquqlarını müdafiə etməyə davam edəcək.

 

Rusiyanın Donbassı tanıması o mənaya gəlir ki, mən sənin ərazini tanımıram. Əgər bir dövlət digər dövlətin ərazi bütövlüyünü tanımırsa, bu nə deməkdir? İndi Ukraynanın da imkanı olarsa, o da əlindən gələni edəcək. Hər halda mən əminəm, Ukrayna dövləti çalışacaq ki, gözlənilən hərbi təcavüzə layiqli cavab versin”.

 

Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal