Xəbər verdiyimiz kimi, Rusiya ilə müharibə vəziyyətini nəzərə alan Ukrayna 18 yaşdan 60 yaşa qədər ehtiyatda olanları səfərbər edir. Bunlar həm zabitlər, həm sıravilər, həm də çavuşlardır.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, təxminən 40 min ehtiyatda olan hərbçi Ukrayna Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları ilə birlikdə Ukraynanı müdafiə edəcək - onların xidmətə hara göndəriləcəyi hələ məlum deyil.
“Ümumilikdə 36 min ehtiyatda olan hərbçi xidmətə çağırılacaq. Onların əksəriyyəti artıq döyüş əməliyyatlarında iştirak etmiş və təcrübəsi olan insanlardır”.
Bunu “Ukrayna 24” telekanalının yayımladığı brifinqdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.
A.Danilov vurğulayıb ki, Ukrayna hərbçiləri Rusiya Federasiyasının işğalı halında müqavimət göstərməyə hazırdır, lakin ölkə bunun baş verməməsi üçün hər şeyi edir.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib ki, prezident Vladimir Zelenski diplomatik həll yolunda böyük addımlar atır. Polşa və Litvanın nümayəndələri bu gün Ukraynaya gələcəklər.
"Onların (ehtiyatda olanların - red.) sayı bu gün 36 min olacaq. Bunlar böyük əksəriyyətdə artıq cəbhəni keçmiş insanlardır. Nəyin təhlükədə olduğunu başa düşürlər”, - Danilov bildirib.