Rusiya Xarici İşlər Naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterresin Ukraynanın şərqindəki vəziyyətlə bağlı statusuna münasibət bildirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Lavrov baş katibi tənqid edib. Lavrov bildirib ki, Antonio Quterres öz statusuna uyğun bəyənatlar verməyib:
“Böyük təəssüf hissi ilə qeyd edirik ki, BMT Baş katibi Qərbin təzyiqlərinə məruz qalıb və son vaxtlar statusu və BMT Nizamnaməsindəki səlahiyyətləri ilə bir araya sığmayan bir sıra bəyanatlar verib”.
Lavrovun sözlərinə görə, BMT-nin baş katibi heç vaxt Minsk razılaşmaları və BMT Təhlükəsizlik Şurasının eyni məsələ ilə bağlı qətnaməsinin yerinə yetirilməsi zərurətinə dəstək ifadə etməyib:
“Ukraynadakı vəziyyətə gəlincə, baş katib Minsk Tədbirlər Paketinin və Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin tələblərinə əməl olunmasının zəruriliyini dəstəkləmək üçün bir dəfə də olsun səsini qaldırmayıb. Qərbdə heç kim bundan bəhs etmir. Təəssüf ki, baş katib də bu acınacaqlı nümunəni izləyir”.
Xatırladaq ki, bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterres Ukraynanın şərqindəki vəziyyətlə bağlı bir sıra açıqlamalar verərək, DXR və LPR-nin Rusiya tərəfindən tanınmasını tənqid edib. Həmçinin,o, Donbassdakı rus hərbçilərini sülhməramlı hesab etməyəcəyini bildirib.
Turqay Musayev