Rusiyada bələdiyyə deputatları Ukraynaya qarşı aparılan müharibəni pisləyiblər.
Modern.az xəbər verir ki, deputatların imzaladığı məktubu “Suspilne” nəşri dərc edib.
"Hörmətli həmvətənlər! Biz xalqın seçdiyi deputatlar, Rusiya ordusunun Ukraynaya hücumunu qeyd-şərtsiz pisləyirik. Bu, görünməmiş vəhşilikdir, ona heç bir bəraət qazandırmaq olmaz. Hücum qərarını Rusiya Prezidenti Vladimir Putin şəxsən verib. Biz əminik ki, Rusiya vətəndaşları ona belə bir mandat verməyiblər ”, - bəyanatda deyilir.
Məktub fevralın 24-ü saat 10:00-dan etibarən imzalanmaq üçün açıqdır. Artıq 252 deputat müharibə əleyhinə olduğunu bəyan edib.
Qeyd olunub ki, Ukraynadakı müharibə fəlakətli nəticələrə gətirib çıxaracaq:
“Çoxlu sayda insan öldürüləcək və şikəst olacaq, bir çox ruslar üçün əziz olan torpaqlar da əziyyət çəkəcək. Ölkəmiz dünya ictimaiyyətinin qınağı, təcrid, qiymət artımı və yoxsulluqla üz-üzədir. Rusiyada yaxşı həyata ümidlər gözümüzün qabağında tükənir. Biz sizi təcavüzdə iştirak etməməyə və onu bəyənməməyə çağırırıq. Xahiş edirik susmayın, müharibəni ancaq kütləvi xalq qınaması dayandıra bilər”.