Rusiyada ötən sutka ərzində COVID-19 infeksiyasına 116 min yoluxma halı qeydə alınıb, 769 nəfər dünyasını dəyişib. Son sutkanın statistikasına əsasən, dünya üzrə gündəlik ölüm hallarının təqribən beşdəbiri Rusiyanın payına düşüb.
Modern.az "Worldometer"ə istinadən xəbər verir ki, fevralın 27-də dünyada koronavirusa 1 milyon 101 min yoluxma, 4579 ölüm faktı qeydə alınıb. Rusiya ötən gün sutkalıq yoluxma hallarının sayına görə dünyada ikinci, ölüm hallarının sayına görə isə birinci olub.
Pandemiyanın əvvəlindən indiyədək Rusiyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 16 milyon 291 min nəfəri keçib, ölənlərin sayı 350 min 927 nəfərə çatıb.
Xatırladaq ki, ilk dəfə 2019-cu il dekabr ayının sonlarında Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan COVID-19 infeksiyası qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.