Modern.az

Ukraynalı cütlük bal ayını döyüşdə keçirir - FOTOLAR

Ukraynalı cütlük bal ayını döyüşdə keçirir - FOTOLAR

1 Mart 2022, 10:38

Rusiyanın işğalının ilk günündə toylarından bir neçə saat sonra Yaryna Arieva və Svyatoslav Fursin vətənlərini qorumaq üçün döyüşə qoşulublar.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, cütlük may ayında evlənməli idi, lakin Rusiyanın işğal təhlükəsi səbəbi ilə Kiyevdə nikah bağlamağa tələsiblər.

 

Kamuflyaj gödəkçələri geyinən və əllərində tüfəng tutan cütlük CNN-in müxbiri Don Lemona bal aylarını mühasirədə olan bir şəhərdə keçirdiklərini və vətənlərini işğal edən rus qoşunlarına qarşı döyüşmək üçün silaha sarıldıqlarını danışıblar.

 

Kiyevdən olan Ariyeva deyib ki, yazın ilk günündə insanlar Ukraynanın milli çiçəyi olan günəbaxan əkmək əvəzinə, Rusiyanın hücumuna müqavimət göstərirlər.

 

O, həmçinin bunları əlavə edib:


“Burada heç kim uduzacağımızı demir və ya ağlamır. Burada hamı qalib gələcəyimizə inanır. Bütün bunlar sadəcə zaman məsələsidir. Buna görə də, həqiqətən döyüşməyə hazır olan bu böyük insan kütləsini görməkdən çox şadam. Torpaqları üçün öldürməyə hazırdırlar. Bu müharibədə qalib gələcəyimizə heç bir şübhəm yoxdur”.


Onun həyat yoldaşı Fursin Lvov şəhərində anadan olub. Fursinin sözlərinə görə, Ukrayna xalqı həmişə azad olmaq istəyir. Bu insanlar öz azadlıqları üçün mübarizə aparmağa hazırdırlar.

 

Döyüşə gedərkən, o, ailəsinin - həyat yoldaşının, valideynlərinin və bacısının təhlükəsizliyindən narahat olduğunu, lakin onları qorumaq üçün hər şeyi edəcəyini deyib.

 

Ariyeva bildirib ki, həyat yoldaşının döyüş tapşırıqlarından qayıtmasını gözləmək çətin olsa da, hamı bir-birinə kömək edir:

 

"Müharibə olsa da, həyat davam edir. İnsanlar zarafat edir, gülürlər. Bunu görmək çox maraqlıdır. Bu, müharibənin başlaması ilə dəyişmiş başqa bir həyat növüdür, amma həyatdır".


Cütlük beynəlxalq ictimaiyyəti Ukraynaya pul, ərzaq, silah və tibbi yardımla kömək etməyə və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyə çağırıb.

 

Fursin ailəsini və dostlarının hamısını bir yerə toplayıb şərab içə biləcəyi zamanın tezliklə gələcəyinə ümid etdiyini deyib. O, inanır ki, hamıya "Hə, müharibə bitdi, biz qalib gəldik" deyəcək.

 


 

Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu