Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam. Mən normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, biz terrorçu deyilik. Biz bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da ələ keçirmirik. Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış", - deyə Prezident söyləyib.
Zelenski qeyd edib ki, müharibəni dayandırmaq üçün Putinlə danışmağa hazırdı.
"Bütün problemlərin fərqindəyəm. Prezident Putinin dilə gətirdiyi narahatlıqların fərqindəyəm. Məncə, biz danışmalıyıq. Heç bir ön şərt olmadan, kişi kimi danışmağa məcburuq. Ona nə olub, bilmirəm, amma hərəkətlərinə baxanda marağımı çəkən şeylər var. Hər şeyi danışmaq istəyirəm.
Belə bir adam ölkəsi üçün böyük insan ola bilər, amma bu nəsil qərar verməz ona. Nə qədər tarixi fiqur olduğuna gələcək nəsillər qərar verər. Bəlkə, məni gələcəkdə xatırlayacaq, amma vacib olan yaxşı xatırlanmaqdır", - deyə Zelenski sözlərinə əlavə edib.