Belarusun Qomel şəhərində Rusiya ilə danışıqlarda iştirak etmiş Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy məlumat yayıb.
“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü olmuş Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb”.
Onun sözlərinə görə, Denis Kireyev dövlətə xəyanətdə şübhəli bilinib.
Denis Kireyev 2014-cü ilə qədər bank sektorunda çalışıb, Oschadbank və Ukreximbank-ın idarəetmə orqanlarının üzvü olub. Sonralar şəxsi fondların idarə edilməsi ilə məşğul olub.
Ukrayna prezidentinin dəftərxanasının niyə onu danışıqlarda nümayəndə heyətinə daxil etmək qərarına gəldiyi hələ də məlum deyil.
Xatırladaq ki, fevralın 28-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel şəhərində danışıqlar aparılıb.