Sabah – 12 martda Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Modern.az xəbər verir ki, Türkmənistanın hakim Demokrat Partiyası növbədənkənar prezident seçkilərində Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun namizədliyini irəli sürüb.
Ondan başğa daha səkkiz namizəd qeydə alınıb. Həmin namizədlər orta təbəqədən olan məmurlardl ki, onların siyasi fəaliyyəti haqqında heç kim heç nə bilmir. Onların adları da əvvəllər geniş ictimaiyyətə məlum olmayıb.
Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var - Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.
Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər.
Türkmənistan prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.
Türkmənistanda sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.
Xatırladaq ki, Türkmənistan prezidenti, parlamentin yuxarı palatasının (Halk Maslahatı) sədri Qurbanqulu Berdiməhəmmədov bir müddət öncə bildirib ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolları açılmalıdır. Bundan sonra parlamentin aşağı palatası (Məclis) Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.