Mərkəzi Asiyadan olan əmək miqrantları rublun dollara nisbətdə ucuzlaşması və beynəlxalq pul köçürmələri ilə bağlı problemlər səbəbindən Rusiyanı kütləvi şəkildə tərk edirlər.
Modern.az xəbər verir ki, bu barədə "Vedemosti" nəşri məlumat yayıb.
Məlumatda miqrantların rublun ucuzlaşması fonunda qazanclarının demək olar ki, iki dəfə azalması səbəbindən fevralın sonundan etibarən Rusiyanı tərk etməyə başladıqları qeyd olunub.
“Miqrantlar Rusiya Federasiyasından vətənlərinə pul göndərərkən də böyük problemlərlə üzləşiblər”,- deyə rusiyalı ekspert Aleksey Rakşa bildirib.
Bir sıra Qərb şirkətləri Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiya bazarından çəkildiklərini elan etdikdən sonra şimal qonşumuzda əcnəbilərin işlədiyi bir çox müəssisələrin bağlanmasına start verilib. Miqrantların Rusiyadan son bir ayda müşahidə olunan kütləvi axını bununla izah olunur.
Eyni zamanda, hava nəqliyyatının qiymətlərinin artması və uçuşların bağlanması səbəbindən bütün miqrantlar vətənlərinə qayıda bilmirlər, çünki uçuş minimum 200 min rubla başa gələ bilər ki, bu da Mərkəzi Asiyadan gələnlər üçün əlçatmaz məbləğdir.
Qeyd edək ki, Rusiya digər ölkələrlə yanaşı Azərbaycandan gedənlər də çoxluq təşkil edir. Qonşu ölkədə iki milyon yarımdan çox həmyerlimizin yaşadığı bildirilir.
Fatma Abdulla