Pakistanın sabiq Baş naziri İmran Xanın tərəfdarları aksiyalara başlayıb.
Modern.az xəbər verir ki, küçələrə çıxan on minlərlə insan İmran Xana dəstək nümayiş etdirir.
Paytaxt İslamabad daxil olmaqla, digər şəhərlərdə də kütləvi aksiyaların keçirildiyi bildirilir.
İmran Xan tvitter hesabında xalqın dəstəyini nümayiş etdirən video paylaşaraq, tərəfdarlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən gün Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb. Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o vəzifəsindən istefaya göndərilib.
Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib.
İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub. Məlum hadisədən sonra Pakistanda siyasi gərginlik yaşanır, yeni Baş nazirin kim olacağı barədə aktiv müzakirələr aparılır. Bundan əlavə, devrilən hökumətdə kütləvi həbslərin aparılacağı ehtimal olunur.