“Müharibə başlayandan bəri ilk olaraq Rumıniya ilə sərhəddə Ukraynadan qaçan mühacirlərin həyat hekayəsi haqqında məlumat verirdik. Təbii ki, gördüyüm hadisələrdən çox təsirləndim. Hər müharibədə olduğu kimi, Ukraynadakı müharibədə də insanlar evlərini, torpaqlarını, bütövlükdə hər şeylərini tərk edirdilər”.
Bu sözləri Modern.az-a açıqlamasında Ukraynadakı müharibəni işıqlandıran “TRT Arabi” telekanalının xüsusi müxbiri Cemil Meliha Gümüş bildirib.
Savaşın ilk günündən Ukraynada olan jurnalist dəhşətli hadisələrlə rastlaşdığını, daha çox qadın və uşaqların yaşadığı faciələrdən təsirləndiyini söyləyib:
“Körpələrini qucağında, ərlərini müharibədə qoyub qaçan qadınlar ağlayaraq Dunay çayını keçib Rumıniyaya sığınırdılar. Mühacirlərdən xəbər verdikdən sonra İsaçça sərhəd qapısından Dunay çayını keçərək Ukrayna sərhədinə getdik. Sonra İzmail şəhəri ilə 8 saatlıq avtobusla Odessaya gəldik. Odessa, bildiyimiz kimi, strateji şəhərdir. Krıma yaxınlığına və rus əhalisinin çoxluğuna görə böyük dəyərə malikdir. Odessada həyəcan səsi olmayan gün yoxdur. Demək olar ki, mütəmadi olaraq hava zərbələri endirilir. Rusiya donanması Qara dəniz vasitəsilə Odessa şəhərinə yaxınlaşmağa çalışır. Lakin dəniz və hava hücumundan müdafiə sistemləri buna imkan vermir. Rusiya donanması radara düşməmək üçün uzaqdan atəş açır, lakin döyüş gəmisindən artilleriya atəşləri daha çox dənizə düşür. Bu səbəbdən Rusiya ordusu estakada raketləri ilə Odessanı vurur. Odessa indiyədək 100-dən çox raketlə vurulub”.
Türkiyəli jurnalist Odessada qorxulu anlar yaşandığını, əhalinin təşviş içində olduğunu vurğulayıb:
“Rusiya ordusu Odessaya daxil ola bilmədi. Şahidi olduğum son hücum neft emalı zavoduna yönəlmişdi. Rusiya ordusu aprelin 3-də səhər saatlarında Odessanı raketlərlə vurmağa başladı və biz dərhal vurulan yerlərə keçdik. Hədəf neft emalı zavodları idi. Daha sonra böyük yanğın başladı. Bir anda Odessanı qara tüstü bürüdü.
Şəhər davamlı olaraq hava hücumlarına məruz qalır, ona görə də, biz burada sığınacaqda gecələyirik. Artıq öyrəşmişik, həyəcan səslərinə fikir vermirik. İnsanlar gündəlik həyatlarına davam edirlər. Təbii ki, onların içində bir qorxu var, amma biz yaşamalıyıq deyirlər və həyatlarına davam edirlər. Odessadan sonra Nikolayev şəhərinə getdik. Orada rus ordusu xəstəxananı bombaladı, bombalanan xəstəxananın şəklini çəkdik. Daha sonra Nikolayev administrasiyasının binası vuruldu. O gecə çox pis bir gecə idi. Bina sanki iki yerə bölündü. Partlayışın təsirindən ətrafdakı binalara da ziyan dəydi. Onlarla insan öldü”.
Cemil Meliha Gümüş müharibə səhnələrinə öyrəşdiyini, qızğın döyüşlər zamanı işini davam etdirdiyini qeyd edib:
“Təbii ki, əvvəllər də döyüş meydanlarında olduğum üçün hər şey mənə normal görünürdü. Amma orada yaşayanlar şoka düşüblər. İnsanların həyatını izah etmək üçün Nikalayevdəki sığınacağa daxil olduq və orada yaşayanların şəklini çəkdik. İnsanlar evlərini tərk edib, burada yatırdılar. Onların vəziyyəti heç də ürəkaçan deyildi. Ümumilikdə, müharibədə hər zaman mülki vətəndaşlar əziyyət çəkir. Söhbət mülki vətəndaşlardan gedirsə, deməyə bilmərəm. Biz mülki vətəndaşların silah təlimi keçdiyi, kişi, qadın, qoca, gənc və uşaq olmasından asılı olmayaraq, hər kəsə döyüşə hazır olduğunu gördük. Niyə təlimə qatıldıqlarını soruşanda dedilər ki, “rus ordusu şəhərimizə gəlsə, biz özümüzü müdafiə etməliyik, ona görə də silah təlimi keçirik”.
Məni ən çox üzən mənzərə odur ki, 10 yaşlı uşaq atası ilə silah təlimi alırdı. Müharibənin acı tərəfi əslində burada ortaya çıxır. Müharibədə xəbərləri dünyaya çatdırmaq üçün bir çox təhlükələr yaşayırıq, amma biz bunu etməsək, müharibədə nə baş verdiyini heç kim bilməyəcək, ona görə də həqiqəti dünyaya çatdırmaq üçün çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. Hazırda hərbi əməliyyatlar davam etdirilir.