“Ukrayna Prezidenti Volodimir Zelenski Qərbdən ona verə biləcəyindən çox şey istəyir”.
Modern.az xəbər verir ki, bunu Fransa prezidentliyinə namizəd Marin Le Pen bildirib.
Radikal sağçı namizəd yerli mediaya müsahibəsində Ukraynadakı hadisələrlə bağlı “soyqırımı” ifadəsinin işlədilməsinə niyə qarşı olduğunu açıqlayıb: “Soyqırımın hüquqi baxımdan çox aydın tərifi var və bu, Ukraynadakı vəziyyətə uyğun gəlmir”.
Le Pen, həmçinin Rusiyanın beynəlxalq arenada təcrid olunma ehtimalına inanmadığını vurğulayıb:
“Rusiya böyük dünya gücüdür. Ukrayna münaqişəsi bitdikdən sonra NATO-Rusiya münasibətlərinin bərpasının tərəfdarıyam. Düşünürəm ki, Rusiya uzunmüddətli perspektivdə Çinlə əməkdaşlıq etməyi seçərsə, Qərbin itirəcəyi çox şey olacaq”.
Bundan əlavə, o qeyd edib ki, dövlət başçısı seçilərsə, xarici siyasəti “müstəqillik, bərabər məsafəlilik və daimilik” prinsiplərinə əsaslanacaq.
Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin ilk mərhələsi keçirilib. Hazırkı dövlət başçısı Emmanuel Makron seçkilərin birinci turunda 27,84% səs toplayıb. Milli Birlik Partiyasının lideri Marine Le Pen 23,15% səs yığıb. Fransa prezidenti postu uğrunda seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.