Niderland Ukraynanın Lvov şəhərindəki səfirliyini ötən şənbə günü az sayda işçi ilə yenidən açıb.
Modern.az xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Səfirlik Ukraynanın qərbindəki Lvova kiçik heyətlə qayıtmaqla oradakı təhlükəsizlik vəziyyəti haqqında daha yaxşı məlumat əldə edəcək", - deyə məlumatda bildirilib.
O da qeyd olunub ki, vəziyyət kifayət qədər təhlükəsiz hesab edilərsə, səfirlik sonda Ukraynanın paytaxtı Kiyevə qayıdacaq.
Niderlandın Ukraynanın paytaxtındakı səfirliyi fevralın 22-də, Rusiya qoşunlarının hücum etməsindən iki gün əvvəl Lvova köçürülüb. Müharibənin daha da şiddətlənməsindən sonra niderlandlı diplomatlar fevralın 26-da Polşaya gediblər.
Fransa da daxil olmaqla bir sıra Avropa ölkələri bu yaxınlarda öz səfirliklərini Kiyevə köçürəcəklərini bəyan ediblər.
Akif İsmayılov