Bavariyada Putin adlı çöl donuzu vəhşi təbiət parkında yaşayır. Rusiyanın Ukraynada başladığı müharibədən sonra parkın rəhbərliyi Putinin adını heyvana təhqir hesab edib və onu dəyişmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Vildpark Mehlmeisel Valdhaus parkının Facebook səhifəsində bildirilib.
Qaban üç il əvvəl Bavariya parkında peyda olub. Heyvan Rusiya əsilli idi və çəkisi digərlərindən yarım dəfə çox olduğuna görə ona Putin adı vermişdilər.
Parkın işçiləri 200 kq çəkisi olan çöl donuzunu ünsiyyətcil heyvan hesab etdiklərini bildiriblər.
Rusiyanın Ukraynanı işğal etməsindən sonra parkın əməkdaşı Ekard Mikkiş deyib ki, “bir donuz belə bu qeyri-insani məxluqun adına layiq deyil”.
Parkda çöl donuzunun yeni adı üçün müsabiqə keçirilib, insanlar 2700 təklif verib. Nəticədə qabanın adı dəyişdirilərək Eberhofer olub. Eberhofer Bavariya kitablarının məşhur seriyasından bir polisin adıdır.