Modern.az

Ermənistanın keçmiş prezidentləri siyasətdən GEDİR?

Ermənistanın keçmiş prezidentləri siyasətdən GEDİR?

20 Aprel 2022, 17:27

Ermənistanın keçmiş prezidentlərinin nümayəndələri onların siyasətdən uzaqlaşması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. 

Modern.az xəbər verir ki, ikinci prezidentin ofisinin koordinatoru Baqrat Mikoyan “Sputnik Ermənistan”a bildirib ki, Robert Köçəryan medianın bu xəbərinə yumorla yanaşır və keçmiş dövlət başçısı özünün “siyasətdən gedişi”ni qəzetlərdən öyrənib.


Bir müddət əvvəl “Hraparak” qəzeti xüsusən də üçüncü prezident Serj Sarkisyanın gənc nəslə yol vermək üçün yaxın günlərdə siyasi səhnədən getdiyini açıqlamaq niyyətində olduğunu yazıb.


Nəşrin məlumatına görə, Sarkisyan “Qarabağın xilası uğrunda” mübarizəni dəstəkləyəcək və estafeti gənc siyasətçilərə ötürməyə hazır olduğunu bildirəcək. Qeyd olunub ki, bununla bağlı sələflərlə - Levon Ter-Petrosyan və Robert Köçəryanla müzakirələr gedir ki, onlar da bu bəyanatı imzalasınlar və guya ikinci prezident buna etiraz etmir.
İddia olunmuşdu ki, Serj Sarkisyan sələflərini birgə bəyanatla çıxış etməyə və siyasi səhnədən istefa verdiklərini elan etməyə inandırıb.

“Erməni Milli Konqresi” partiyasının (partiyaya birinci prezident rəhbərlik edir – red.) sədr müavini Levon Zurabyan da Ter-Petrosyanla hər hansı müzakirələrin aparılması barədə məlumatı faktiki olaraq təkzib edib. Və o, qəzetin xəbərini ciddi müzakirəyə layiq olmayan “informasiya köpüyü” adlandırıb.

Serj Sarkisyanın ofisi isə hələ ki məsələyə münasibət bildirməyib.

Maraqlıdır ki, hələ 2021-ci ilin mayında oxşar fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da səsləndirmişdi. Parlament seçkilərinə ay yarım qalmış o, Köçəryanı və Sarkisyanı “Milli Razılıq Alyansı” blokunun tərkibində vahid proporsional siyahı üzrə birgə seçkilərdə iştirak etməyə dəvət etmiş, lakin onu da  bildirmişdi ki, qələbədən sonra onların heç biri dövlət vəzifəsi tutmasınlar.

O zaman birinci prezidentin təklifi digərləri tərəfindən rədd edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək