Modern.az

Mariupolda 5 minə qədər uşaq yoxa çıxıb - Zelenski

Mariupolda 5 minə qədər uşaq yoxa çıxıb - Zelenski

21 Aprel 2022, 12:48

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, rusların bu gün ələ keçirdiyi Mariupolun mühasirəsini yarmaq mümkün deyil. Onun sözlərinə görə, rus qoşunları şəhəri və insanları atəşə tutmaqda davam edir, Mariupoldan praktiki olaraq heç nə qalmayıb.


Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı Fransanın BFM telekanalına müsahibəsində danışıb.


"Biz əlimizdən gələni edirik. Şəhərdə yerli sakinlər - qocalar, uşaqlar, hərbçilər blokadaya alınıb. Bu, daha çox müharibəyə deyil, Rusiyanın terror əməliyyatına bənzəyir", - prezident bildirib.


Zelenski deyib ki, Mariupolda bütün binaların 95-98%-i dağılıb - məktəblər, uşaq bağçaları, yaşayış massivləri, fabriklər, bəndlər... Rus işğalçıları şəhəri təyyarələrdən, artilleriyadan, raketlərdən bombalayıblar.

“Şəhərin hər tərəfini atəşə tuturlar və buna görə də insanlar gizləndikləri yerdən çıxmağa qorxurlar”.


Prezidentin sözlərinə görə, yerli sakinlərin bir qismi Zaporojye vilayətinə təxliyə edilib, bir qismi isə rus qoşunları tərəfindən işğal olunmuş ərazilərə aparılıb.


"İnsanlar sadəcə olaraq yoxa çıxıblar, onlar müxtəlif şəhərlərdə, Rusiya ərazisindəki xüsusi düşərgələrdədirlər. Bu günə kimi Mariupoldan 5 minə qədər uşaq itkin düşüb. Bu, dəhşətli faciədir", - Zelenski bildirib.
 

Dövlət başçısı əlavə edib ki, hələlik Ukrayna ordusu şəhəri mühasirədən çıxarmaq üçün onun 120 km-liyinə çata bilmir. Buna rusiya hərbi texnikaları mane olur.
 

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün səhər prezident Putinə məruzə edib ki, Mariupol tam olaraq ələ keçirilib, şəhərdə 2 minə yaxın ukraynalı əsgər mühasirədə saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək