Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Rusiyada defoltu istisna edib. Onun sözlərinə görə, ölkədə bütün lazımi maliyyə resursları var.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, E.Nabiullina Qərbin arzusunun reallaşmayacağını vurğulayıb.
"Rusiyanın bütün lazımi maliyyə resursları var, heç bir defolt bizi təhdid etmir" deyə Elvira Nabiullina əminliklə danışıb.
Mərkəzi Bankın rəhbəri bildirib ki, lazım gələrsə, Rusiya mövcud qızıl-valyuta ehtiyatlarının bir hissəsindən idxalın ödənilməsi üçün istifadə edə bilər.
"Qızıl ehtiyatları Rusiya iqtisadiyyatını kritik anlarda belə xarici təhlükələrdən qorumağa imkan verən alətdir. Bu, lazım gələrsə, idxalın lazımi həcmini təmin edəcək bazadır. Biz çox şeyi idxal edirik", - Nabiullina bildirib.
ABŞ, Aİ, Böyük Britaniya, Kanada, Avstraliya və İsveçrə Rusiya Bankına məxsus 300 milyard dolları Qərb banklarında dondurub.
Rusiyanın maliyyə naziri Anton Siluanov qeyd edib ki, bu pulun taleyini danışıqlar yolu ilə həll etmək olar.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci il fevralın 1-nə Rusiyanın xarici dövlət borcu 59,5 milyard dollar, o cümlədən xarici istiqrazlar üzrə borc - 38,97 milyard dollar təşkil edib. Ümumilikdə ölkədə ödəmə müddəti 2022-ci ildən 2047-ci ilə qədər olan 15 aktiv istiqraz var.
Aprelin əvvəlində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Qərbin sanksiyalarının Rusiyada defolta səbəb olacağını açıqlamışdı. O, yüzlərlə iri şirkətin ölkəni tərk etməsi ilə Rusiyanın ÜDM-nin 11 faiz azalacağını proqnozlaşdırıb. Von der Leyen Rusiyada defoltu zaman məsələsi hesab edir.
Öz növbəsində, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın defoltu Avropada mənəvi və maddi defolta çevrilə bilər. O, əmindir ki, Rusiyanın öhdəliklərini yerinə yetirməməsi “Avropa İttifaqının dərin strategiyası” və Brüsselə ABŞ-ın “gizli planı” olub.