Nüfuzlu “Forbes” jurnalı son bir ildə ən çox pul itirən rusiyalı milyarderlərin yeni reytinqini hazırlayıb.
Modern.az xəbər verir ki, yeni reytinqdə gəliri ən çox azalan sahibkarlar Aleksey Mordaşov, Vahid Ələkbərov və Süleyman Kərimovdur. İş adamları arasında ən az pul itirən milyarderlər hələ ki Roman Abramoviç və Vladimir Lisin olub.
Xarici nəşr rusiyalı oliqarxların varidatının xüsusilə Ukrayna müharibəsindən sonra kəskin azaldığını vurğulayıb. Dolayısı ilə rus milyarderlərin qan ağladığı da qeyd edilib.
“Forbes” nəşrinə görə, gəlirləri azalan oliqarxların siyahısında ilk “10-luq” aşağıdakı kimidir:
“Severstal” şirkətinin Direktorlar Şurasının sədri Aleksey Mordaşov - İl ərzində onun sərvəti 15,9 milyard dollar azalaraq 29,1 milyard dollardan 13,2 milyard dollara düşüb.
“Lukoyl”un ortaq sahibi Vahid Ələkbərov - İl ərzində onun sərvəti 14,4 milyard dollar azalaraq 24,9 milyard dollardan 10,5 milyard dollara düşüb.
Qızıl mədən şirkəti “Polyus”un səhmdarı Süleyman Kərimov və ailəsi - İl ərzində onların sərvəti 11,4 milyard dollar azalaraq 15,8 milyard dollardan 4,4 milyard dollara düşüb.
“Vildberries”in baş direktoru Tatyana Bakalçuk - İl ərzində onun sərvəti 10,9 milyard dollar azalaraq 13 milyard dollardan 2,1 milyard dollara düşüb.
“Novatek” şirkəti İdarə Heyətinin sədri Leonid Mixelson - İl ərzində onun sərvəti 10,9 milyard dollar azalaraq 24,9 milyard dollardan 14 milyard dollara düşüb.
Kontinental Xokkey Liqasının Direktorlar Şurasının sədri Gennadi Timçenko - İl ərzində onun sərvəti 10,7 milyard dollar azalıb - 22 milyard dollardan 11,3 milyard dollar enib.
“İnterros” Holdinqin prezidenti Vladimir Potanin - İl ərzində onun sərvəti 9,7 milyard dollar azalaraq 27 milyard dollardan 17,3 milyard dollara düşüb.
“Arrival”ın baş direktori Denis Sverdlov - İl ərzində onun sərvəti 9,2 milyard dollar azalaraq 10,6 milyard dollardan 1,4 milyard dollara düşüb.
Novolipetsk Metallurq Kombinatı Direktorlar Şurasının sədri Vladimir Lisin - İl ərzində onun sərvəti 7,8 milyard dollar azalaraq 26,2 milyard dollardan 18,4 milyard dollara düşüb.
“Millhouse” İnvestisiya Şirkətinin sahibi Roman Abramoviç - İl ərzində onun sərvəti 7,6 milyard dollar azalaraq 14,5 milyard dollardan 6,9 milyard dollara düşüb.
Yuxarıda sadalanan sahibkarların çoxu Ukraynada müharibə başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalara məruz qalıb. Onların şirkətlərinin səhmləri çöküb, milyarderlərin xaricdəki aktivləri dondurulub.