Çeçenistanın başçısı Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskini məhv edəcəyinə söz verib.
Modern.az xəbər verir ki, bu barədə NV radiosuna müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb.
Onun sözlərinə görə, Kadırov bu vədi hələ fevralda Putin Ukraynanın işğalını planlaşdırarkən verib.
"Bizim ali rəhbərliyin məhv planı fevralın 3-də Putinin qəbulunda olan Kadırova təqdim edilib. Bu görüşdə prezidentimizin qətli planı razılaşdırılıb və Kadırov bunu məhz onun hərbi qrupunun edəcəyini öhdəsinə götürüb”.
A.Danilovun sözlərinə görə, Ukrayna kəşfiyyatı “bu prosesləri izləyib”.
"Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan 3 qrup var idi. Fevralın 24-də yox, çünki iki gün gözlədilər ki, paytaxtın mərkəzi məhəlləsinə yaşıl dəhliz verilsin. Biz bu üç qrupun hamısını izlədik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edilib. Bundan sonra qalan ikisi geri çəkildi. Həmin qruplardan biri hazırda Donetsk vilayətinin ərazisində, digəri isə Mariupol şəhərinin ərazisində yerləşib, lakin onlar ön sıralarda deyillər, tamamilə təhlükəsiz məkanda - üçüncü və ya dördüncü eşelondadırlar”, - Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.
Bundan əvvəl Aleksey Danilov bildirmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətindən sızan məlumatlar sayəsində Zelenskiyə qəsd cəhdinin qarşısı alınıb.
Prezident Vladimir Zelenski fevralın 25-də ukraynalılara müraciətində bildirmişdi ki, Rusiya rəhbərliyi onun fiziki cəhətdən məhvini planlaşdırıb.
"Paytaxtda qalıram. Ailəm də, uşaqlarım da Ukraynadadır. Bizdə olan məlumata görə, düşmən məni bir nömrəli hədəf seçib. Mənim ailəm isə ikinci hədəfdir. Onlar dövlət başçısını öldürməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər”, - prezident bildirmişdi.
Britaniya mətbuatının yazdığına görə, Kreml Kiyevə 400-dən çox “Vaqner” muzdlusu göndərib, onlara Ukrayna prezidenti Volodimir Zelenskini öldürmək və hakimiyyətin Rusiya tərəfindən ələ keçirilməsinə yol açmaq əmri verilib.
Prezident Putinin ən yaxın müttəfiqlərindən biri, oliqarx Yevgeni Priqojin tərəfindən idarə olunan özəl hərbi şirkət “Vaqner” qrupu 5 həftə əvvəl Afrikadan muzdlu əsgərləri külli miqdarda pul müqabilində Zelenski hökumətinə sui-qəsd etmək missiyası ilə göndərmişdi.