Modern.az

“Bayraktar” ermənilərdən sonra yunanları da qorxuya salıb

“Bayraktar” ermənilərdən sonra yunanları da qorxuya salıb

Dünya

21 Aprel 2022, 19:33

Yunanıstan Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarına (PUA) qarşı öz müdafiəsini inkişaf etdirməyə çalışır. 

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşr yazır ki, hökumət Türkiyə PUA-larına qarşı müdafiə üsulları axtarır. Yunan mətbuatı Afinanın İsrail istehsalı olan “Heron” və ABŞ istehsalı MQ-9 PUA-larının alınması üçün İsrail və ABŞ ilə danışıqları davam etdirdiyini bildirib.

 

Qəzetin mənbələri vurğulayıb ki, araşdırmalara paralel olaraq İsrailin hazırladığı “Dəmir günbəz” adlı hava hücumundan müdafiə sistemi ilə bağlı danışıqlar davam edir.

 

Türkiyə PUA-larının və xüsusilə “Bayraktar TB2” tipli PUA-ların döyüş bölgələrindəki vəzifə və imkanları son dövrlər Yunanıstan mətbuatında geniş şəkildə müzakirə edilir. PUA-ların Yunanıstan Hərbi Hava Qüvvələrinin “baş ağrısına” çevrildiyinə inananlardan biri də hakim partiyanın deputatı, istefada olan general Nikos Manolakosdur.

 

Yunanıstanın dövlət radiosu ERA-ya danışan Manolakos, “Yunanıstanın öz PUA-larını inkişaf etdirmək üçün çox gecikdiyini” söyləyib.

 

Qeyd edək ki, hazırda “Bayraktar TB2” PUA-larından Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya qarşı döyüşlərdə istifadə edilir. Bundan öncə isə Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində “Bayraktar TB2” PUA-larından istifadə edərək, düşmənə ağır zərbələr endirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək