Rusiya bir il ərzində BMT-nin Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə təşkilat “Twitter” hesabında bildirib.
Qeyd olunub ki, aprelin 27-də UNWTO Baş Assambleyasının növbədənkənar sessiyasında Rusiyanın təşkilatdakı üzvlüyünün dayandırılması məsələsinə baxmalı idilər. Bir sıra ölkələrin, o cümlədən Qvatemala, Litva, Kolumbiya, Polşa, Sloveniya və Ukraynanın müraciətindən sonra sessiyanın çağırılması qərara alınıb. Bu qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatına görə verilib.
Rusiya səsvermənin nəticələrini gözləmədən özü UNWTO-dan çıxmaq niyyətini açıqlayıb. Moskva, həmçinin təşkilatdan növbədənkənar sessiyanın keçirilməsi təklifini rədd etməyi xahiş edib, çünki Rusiya tərəfinin fikrincə, Ukraynadakı vəziyyətin turizmlə heç bir əlaqəsi yoxdur. UNWTO bildirib ki, Rusiyanın təşkilatdan çıxarılması proseduru bir il çəkəcək.
Akif İsmayılov