Rusiyanın ələ keçirdiyi Mariupol şəhərindəki "Azovstal" polad zavoduna çəkilən "Azov" batalyonu fabrikin zirzəmisinə sığınan bir qrup mülki şəxslə birlikdə düşmənə qarşı müqavimət göstərir. Həftələrlə zirzəmidə yaşamaq məcburiyyətində qalan dinc sakinlər “günəşi görmək istəyirik” deyərək, haray çəkirlər.
Modern.az xəbər verir ki, Rusiya tərəfindən Ukraynanın işğalının 67-ci günü davam edərkən, cənubdakı Mariupol ən şiddətli qarşıdurmaların yaşandığı fəlakət şəhərinə çevrilib. Rusiya ordusu keçən həftə şəhərdə qələbəsini elan etdiyi halda, "Azovstal" dəmir-polad zavodu Mariupoldakı müqavimətin son qalası olaraq qalır. Rus əsgərləri zavodu mühasirəyə almağa davam edir, lakin taktiki hücuma keçmirlər. Bunun əvəzində içəridəki əsgərlərin və mülki şəxslərin təslim olmasını gözləyirlər. Bir çox yeraltı tunelin olduğu zavodda qida, içki və dərman kimi əsas məhsullar tükənmə həddindədir.
"Azovstal"da təxminən minə yaxın mülki şəxs və 2000 əsgərin olduğu, onlardan 600-nün yaralandığı təxmin edilir.
Rusiya lideri Vladimir Putin bildirib ki, “Azovstal”ı tərk edən Ukrayna qüvvələrinin hamısının həyatı təhlükəsizdir, onlara hörmətlə yanaşılacaq, yaralılara tibbi yardım göstəriləcək. Putinin fikrincə, Kiyev administrasiyası buradakıların Rusiya qüvvələrinə təslim olmaq əvəzinə humanitar dəhlizlərlə təxliyə edilməli olduğunu müdafiə edir. Rusiya və Ukrayna humanitar dəhlizlərlə bağlı razılığa gələ bilmədikdə yüzlərlə mülki vətəndaş və əsgər günlərlə qaranlıq zirzəmidə qalmağa məcbur olurlar.
Amerikanın "New York Times" (NYT) qəzeti "Azovstal"la bağlı ilginc məlumatlar yayıb. İnternetdə yayılan videolardan birində rütubətli otaqda yatan uşaq və zibil torbalarından düzəldilmiş uşaq bezi diqqət çəkir. Bildirilir ki, binada uşaq bezləri qalmadığı üçün böyüklər müxtəlif üsullara əl atırlar.
Başqa bir görüntüdə fabrik işçilərinin geyindiyi pencəkdə başı sarğılı olan yaşlı qadın özünü saxlaya bilməyəcək şəkildə titrəyərək ağlayır. Bir qız isə göz yaşları içində yenidən günəşi görmək istədiyini bildirib: “Telefonda oynamaq gözəldir, amma biz evə getmək istəyirik. Biz günəş işığını görmək istəyirik”.
Bölgədəki müstəqil jurnalistlərin şəhəri tərk etdiyi, bu səbəbdən məlumatların ötürülməsində ciddi problemlər yaşandığı deyilir. İndiki halda məlumatın yeganə mənbəyinin zavod daxilində mülki vətəndaşların və əsgərlərin sosial mediada paylaşdıqları videolar olduğu söylənilir.
Qeyd olunur ki, içəridə telefon xidməti, elektrik enerjisi və internetə çıxış məhduddur.
Məlumata görə, cümə axşamı Rusiya qüvvələri zavod daxilində xəstəxana kimi istifadə edilən, bölgədəki ərazilərdə yaralı əsgərlərin həyatını itirdiyi və ölənlərin dəfn edildiyi ərazini bombalayıb. Mariupol meri Vadim Boyçenko cümə günü "Azovstal"da tədarükün kəskin azaldığını diqqətə çatdırıb.
Rusiyanın nəzarətinə keçən Ukraynanın Mariupol şəhərindəki "Azovstal" dəmir-polad zavodunda mühasirədə qalan 36-cı Dəniz Piyada Batalyonunun komandiri Sergey Volınski Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyəyə təxliyə olunmalarını xahiş edib.
Çarəsiz qalan komandir “Cənab Ərdoğan, mən Sergey Volınskiyəm. Mən Mariupol qarnizonunda 36-cı Dəniz Piyada Batalyonunun komandiriyəm və 65 gündür ki, dayanmadan döyüşürəm. Müxtəlif dərəcədə yaralanan 600 əsgərimizin köməyə ehtiyacı var. Yanımızda olan yaralı mülki vətəndaşlarımız da var. Yüzlərlə mülki şəxs və minlərlə uşaq "Azovstal" dəmir-polad zavodunda bizimlə təhlükəsiz qalmağa çalışır. Uşaqların ən kiçiyi 4 aylıqdır. İndi mən türk xalqına və onun prezidentinə səslənirəm. Mariupol qarnizonunun Türkiyəyə təxliyəsi üçün lazımi prosedurlara başlasın”.