Almaniya hökuməti ölkənin silahlı qüvvələrinin ehtiyatlarından Ukraynaya 7 ədəd "Panzerhaubitze 2000" (PzH 2000) özüyeriyən artilleriya qurğuları (haubitsa) tədarük etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət Almaniya Ordusu Şurasının qərarına zidd olaraq haubitsaların tədarükü barədə qərar qəbul edib.
Bundan əvvəl, Almaniya silahlı qüvvələri 199 haubitsadan yalnız 40-nın yaxşı vəziyyətdə olduğunu və bunların Ukraynaya tədarükünün ölkənin döyüş potensialını zəiflədə biləcəyini açıqlayıb. Eyni zamanda almaniyalı hərbçilər Ukrayna döyüşçülərinin bu silahları işlədə bilməsi üçün ciddi təlimlərə ehtiyac olduğunu bəyan edib.
Aprelin 9-da “Die Welt” nəşri yazıb ki, Ukrayna hakimiyyəti Almaniya hökumətinə 100 ədəd PzH 2000 özüyeriyən haubitsaların tədarükü üçün sorğu göndərib. Onların ümumi dəyəri 1,7 milyard avro qiymətləndirilir.
"PzH 2000" 90-cı illərin ikinci yarısında hazırlanıb. Artilleriya 40 kilometrə qədər məsafədə hədəfləri məhv edə bilir.
Akif İsmayılov