Modern.az

İranda ərzaq bahalaşdı - Kütləvi etiraz aksiyaları, qarətlər BAŞLADI

İranda ərzaq bahalaşdı - Kütləvi etiraz aksiyaları, qarətlər BAŞLADI

14 May 2022, 11:42

İranın müxtəlif şəhərlərində ərzaq qiymətlərinin artması və bəzi qida məhsullarının qıtlığı səbəbindən etirazlar davam edir.
 

Modern.az xəbər verir ki, İranda hökumətin subsidiyaları ləğv etməsindən sonra əsas ərzaq məhsullarının bahalaşmasına etirazlar ölkənin bütün əyalətlərinə yayılıb.
 

Sosial mediada yayılan videolarda təhlükəsizlik qüvvələrinin hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərə gözyaşardıcı qazla cavab verdiyi, izdihamı dağıtmaq üçün atəş açdığı görünür.
 

Dövlət televiziyası ilə çıxış edən daxili işlər naziri Əhməd Vahidi nümayişlərin genişmiqyaslı olmadığını deyib.
 

İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkədə il ərzində subsidiyalar şəklində cəmi 900 trilyon tümən (sərbəst bazar məzənnəsi ilə təxminən 30 milyard dollar) ödənilib.
 

İran prezidenti İbrahim Rəisi mayın 9-da iqtisadi böhranla mübarizə çərçivəsində zəruri mallara verilən subsidiyaların dayandırıldığını açıqlayıb.
 

Əsas ərzaq məhsullarına verilən subsidiyaların dayandırılması ölkədə qiymətlərin bahalaşmasına səbəb olub.
 

Rəisi açıqlamasında İranda ənənəvi çörəyin, dərman və benzinin qiymətlərinin dəyişməyəcəyini bildirib. Buna baxmayaraq, yerli mətbuatda çörəyin qiymətinin 3 dəfəyə qədər artdığı barədə xəbərlər yayılıb. Ölkədə yağ, yumurta və toyuq ətinin qiyməti demək olar ki, 4 dəfə artıb, bəzi qidalarda qıtlıq yaranıb.
 

İRNA-nın məlumatına görə, ötən gecə Dezful şəhərində 15 nəfər, Yasuk şəhərində isə 7 nəfər saxlanılıb.
 

Nümayişlərin keçirildiyi şəhərlərdə internetə çıxış məhduddur. Qlobal internetə çıxışı izləyən Londonda yerləşən Netblock saytı öz Tvitter hesabında İranda internet xidmətlərində məhdudiyyətlərin olduğunu təsdiqləyib.
 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu