Ukraynadakı müharibə yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına təkan verir. Rusiya buğdanın Ukraynadan tədarük edilməsinə icazə vermədiyi üçün taxıl anbarlarının yenidən açılması üçün təcili tədbirlər görülməlidir.
Modern.az xəbər verir ki, bu barədə G7 (Böyük yeddilik) ölkələrinin xarici işlər nazirlərinin 3 günlük görüşündən sonra verilən bəyanatda qeyd olunub.
Almaniyanın Baltik sahillərində keçirilən görüşdən sonra verilən bəyanatda beynəlxalq sanksiyalara riayət etməyən və Moskvanın Ukraynadakı hərəkətlərinə haqq qazandıran Çinə Rusiyaya kömək göstərməmək barədə xəbərdarlıq edilib.
“Rusiyanın aqressiv müharibəsi müasir tarixin ən ciddi qida və enerji böhranlarından birinə səbəb olub, bu böhran hazırda dünyanın ən həssas əhalisini təhdid edir”, - G7-nin bəyanatında deyilir.
“Biz qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün koordinasiya edilmiş çoxtərəfli cavab tədbirlərini sürətləndirməyə və bu baxımdan ən həssas tərəfdaşlarımızı dəstəkləməyə sadiqik”, - deyə bəyanatda qeyd olunub.
G7 Pekindən “Ukraynanın suverenliyini və müstəqilliyini dəstəkləməyi, təcavüzkar müharibəsində Rusiyaya kömək etməməyi” xahiş edib.
Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın daxil olduğu G7 həmçinin Çini “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini qanuniləşdirmək üçün informasiya, dezinformasiya və digər vasitələrlə manipulyasiya etməkdən çəkinməyə” çağırıb.
Akif İsmayılov