Ukraynada bombalanmış doğum evindən qaçan hamilə qadının fotosu müharibənin simvolik görüntülərindən birinə çevrilmişdi. Lakin Rusiya tərəfi dezinformasiya maşınını işə salaraq, hadisənin guya səhnələşdirildiyi versiyasını ortaya atmış, diqqəti gündəmdən yayındırmağa çalışmışdı.
Modern.az xəbər verir ki, müharibənin zərif qəhrəmanına çevrilən Marianna Podqurskaya Rusiyanın bombaladığı doğum evində çəkilən şəkilin hekayəsini və bundan sonra yaşadığı hadisələri BBC-lə bölüşüb.
Onun sözlərinə görə, müharibədən əvvəl Mariupolda həyat çox fərqli idi. Marianna sosial şəbəkədə gözəllik məhsullarını təbliğ edərkən, həyat yoldaşı Yuri "Azovstal" polad zavodunda işləyirdi.
Marianna doğuma az qalmış xəstəxanaya üz tutub. O, xəstəxanaya yerləşdiriləndə Mariupol Ukraynanın ən çox bombalanan şəhəri idi. Martın 9-da xəstəxanada partlayış baş verəndə gənc ana palatadakı digər qadınlarla söhbət edirdi.
“Bizim sakit və sadə həyatımız var idi, sonra təbii ki, hər şey dağıldı. Partlayış zamanı mən tez yorğanı başıma çəkdim. Daha sonra ikinci partlayış baş verdi. Partlayışın səsi hələ də qulaqlarımda cingildəyir. Uşağım üçün hazırladığım hər şey o doğum otağında idi. Xəstəxanadan kənarlaşmağa hazırlaşarkən “Associated Press”in müxbirləri tərəfindən fotolarım çəkilib” - Marianna yaşadığı dəhşətli anları belə xatırlayıb.
“Bu görüntülər tez bir zamanda gündəm oldu. O zaman Kreml tərəfindən əsassız iddialar ortaya çıxdı ki, şəkillər “səhnələşdirilib”. Mənim gözəllik bloqum saxta yaralar çəkən bir "aktyor" olduğumu söyləmək üçün istifadə olundu” - Marianna sözlərinə əlavə edib.
“Gəlib məni tapacaqları, öldürüləcəyim, uşağımı tikə-tikə edəcəkləri ilə bağlı hədələr aldım. Qızım çətin bir zamanda dünyaya gəldi”.
İnternetə çıxışı olmayan Marianna günlərlə şəkillərini görməyib. Bu zaman onun instaqram hesabı ittiham və təhdid mesajları ilə dolub. Onu yeni doğulmuş övladını öldürəcəkləri ilə hədələyiblər. Bununla belə, o, haqqında yalan məlumatlar yayan Rusiya rəsmilərini birbaşa tənqid etməkdən yayınıb. Əvəzində şəkillərini lentə alan “Associated Press” agentliyini qınayıb.
“Şəkillərimi sosial şəbəkələrdə yerləşdirən jurnalistlərin bu hücumun həqiqətən də baş verdiyini təsdiqləyə biləcək digər hamilə qadınlardan müsahibə götürməmələri məni incidir. Bəziləri mənim aktyor olduğumu, bəziləri isə hava hücumuna məruz qaldığım barədə yalan danışdığımı deyir. Amma hücumdan bir neçə gün sonra qızım Veronikanı başqa xəstəxanada dünyaya gətirdim, onun üçün sadəcə xoşbəxt, müharibəsiz həyat arzulayıram”, - Marianna bildirib.
Qeyd edək ki, Kreml dəfələrlə hücuma məruz qalan xəstəxananın Mariupolun bir nömrəli xəstəxanası olduğunu və artıq fəaliyyət göstərmədiyini iddia etmişdi.